Bakı. 3 iyul. REPORT.AZ/ Fransa İnkişaf Agentliyi “Azərbaycan Dəmir Yolları” QSC üçün iki ədəd lokomotiv deposunun tikintisi üzrə 112,5 mln. avro (217,1 mln. manat) məbləğində kredit ayırır.
“Report” bu barədə 2017-ci il dövlət büdcəsi haqqında qanunda dəyişikliklər edilməsi barədə layihəyə Palatanın rəyinə istinadən xəbər verir.
Bildirilir ki, Azərbaycanın 2017-ci il üzrə xarici dövlət borclanmasının yuxarı həddi təsdiq olunmuş 500,0 mln. manata qarşı 4 000,0 mln. manat və ya 9,0 dəfə artırılaraq 4 500,0 mln. manat nəzərdə tutulub. Həmin limitin kəskin artırılması xarici dövlət borclanması üzrə gözlənilən öhdəliklər - “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması məqsədi ilə 2 383,4 mln. ABŞ dolları (kreditin məbləği) həcmində avrobondların emissiyası (4 099,4 mln. manat) və iki ədəd lokomotiv deposunun tikintisi üzrə Fransa İnkişaf Agentliyindən “Azərbaycan Dəmir Yolları” QSC üçün nəzərdə tutulan 112,5 mln. avro (217,1 mln. manat) məbləğində kreditlə bağlıdır.