Çin və ABŞ yüksəldilmiş rüsumların qarşılıqlı şəkildə ləğv edilməsi barədə fəal müzakirələr aparır.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Qao Fen cümə axşamı keçirdiyi brifinqdə bildirib.
"Yüksəldilmiş tariflərin ləğvi Çin və ABŞ arasında ticarət sövdələşməsinin birinci mərhələsinin əhəmiyyətini tam əks etdirməlidir. İndi tərəflər bu məsələni dərindən müzakirə edir", - o deyib.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqton və Pekinin ticarət mübahisələrinin həllinin birinci mərhələsi çərçivəsində tezliklə razılaşma əldə edə biləcəklərini söyləyib. O həmçinin qeyd edib ki, tərəflər ticarət üzrə razılığa gələ bilməsələr, ABŞ Çindən gələn mallara rüsumları əhəmiyyətli dərəcədə artırmağa hazırdır.
Bu ay ABŞ və Çin aralıq ticarət razılaşması elan ediblər, saziş imzalanarsa, ABŞ-ın dekabrın 15-dən etibarən Çinə qarşı yeni rüsumlar tətbiq etməyəcəyi gözlənilir. Razılaşmanın şərtlərinə görə, Çin ABŞ-ın kənd təsərrüfatı məhsullarının idxalını 40-50 milyard dollar dəyərində artıracaq. İki ölkənin liderlərinin noyabrın 16-17-də Çilidə keçirilməli olan APEC sammiti zamanı sazişi imzalayacağı güman edilsə də, Çili prezidenti Sebastyan Pinyera ölkədəki daxili problemlər səbəbindən sammiti keçirməkdən imtina edib.
Sentyabrın 1-dən ABŞ bu ilin sonunadək, təxminən, 300 milyard dollar dəyərində Çin mallarına 15% yeni rüsum tətbiq edib. Buraya ət məhsullarından və pendirdən tutmuş ayaqqabı və qələmlərə qədər müxtəlif kateqoriyalara aid əmtəələr daxildir. Amerika liderinin sözlərinə görə, belə qərar Çinin ABŞ-dan kənd təsərrüfatı məhsullarının alışını artırmaq vədini yerinə yetirməməsi səbəbindən verilib.
Bunun cavabında Çin ABŞ xam neftinin idxalına 5% rüsum, habelə ABŞ-ın 75 milyard dollarlıq ixrac mallarına təsir edəcək digər tədbirlər tətbiq edib. Bu tədbirlərə 1717 növ mal üçün 5% və 10% həcmində yeni tariflər daxildir.
Trampın proqramı tam miqyasda həyata keçirilsə, ümumi dəyəri 550 milyard dollar olan ABŞ-a gətirilən Çin mallarının, demək olar, hamısına yüksək rüsumlar tətbiq olunacaq.