Bakı. 1 yanvar. REPORT.AZ/ Ötən ilin yanvar-oktyabr aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19 189 nəfər və ya 2,76% artaraq 714 772 nəfər olub.
“Report”un Bakı şəhər Statistika İdarəsinin hesabatına istinadən verdiyi məlumata görə, ötən ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 0,5 manat və ya 0,06% artaraq 783,4 manat təşkil edib.
Belə ki, 2018-ci ilin yanvar-oktyabr aylarında Bakının Binəqədi rayonunda işləyən muzdlu işçilərin sayı 46 771 nəfər olub. Onların orta əmək haqqının həcmi isə 451,3 manat təşkil edib. 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə Binəqədi rayonunda muzdlu işçilərin sayı 3 321 nəfər və ya 7,64% artıb. Onların əmək haqqlarının həcmi isə bir il ərzində 21 manat və ya 4,88% artıb.
Bakının Qaradağ rayonunda muzdla işləyənlərin sayı 630 nəfər və ya 2,5% azalaraq 24 568 nəfər təşkil edib. Bu rayonda işləyənlərin əməkhaqqlarının həcmi isə 87,4 manat və ya 9,13% artaraq 1 043,4 manat təşkil edib.
Paytaxtın Xəzər rayonunda isə işləyən muzdlu işçilərin sayı 30 185 nəfər təşkil edib. Onların orta əmək haqqının həcmi isə 724,3 manat olub. 2017-ci ilin yanvar-oktyabr ayı ilə müqayisədə Xəzər rayonunda muzdlu işçilərin sayı 679 nəfər və ya 2,3% artıb. Onların əməkhaqqlarının həcmi isə bir il ərzində 79,4 manat və ya 12,31% artıb.
Paytaxtın mərkəzi rayonlarından biri olan Səbaildə isə muzdla işləyən işçilərin sayı 112 835 nəfər təşkil edib. Bu, əvvəlki ilin 10 ayı ilə müqayisədə 1 336 nəfər və 1,7% azdır. Onların maaşlarına gəldikdə isə, bu rəqəm 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 75,8 manat və ya 5,08% azdır. 2018-ci ilin 10 ayında bu rəqəm 1 414,5 manat təşkil edib.
Ötən ilin yanvar-oktyabr ayları ərzində Sabunçu rayonunda siyahı tərkibində olan işçilərin sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə 347 nəfər və ya 1,28% artaraq 27 726 nəfər təşkil edib. Bu müddət ərzində onların əmək haqqlarının həcmi 15,4 manat və ya 3,18% artaraq 500,1 manat olub.
Suraxını rayonunda muzdla işləyənlərin rəsmi ümumi sayı 19 600 nəfər, onların əmək haqqlarının orta hesabla həcmi 572,4 manat təşkil edib. Bu isə say baxımından 229 nəfər və ya 1,18% çoxdur. Əmək haqqları nisbətində isə bu rəqəm 0,2 manat və ya 0,03% azdır.
Bakının daha bir mərkəzi rayonlardan biri olan Nərimanovda isə işləyənlərin ümumi sayı 68 248 nəfər təşkil edir ki, bu da əvvəlki ilin 10 ayı ilə müqayisədə 3 549 nəfər və ya 5,49% çoxdur. Bu rayonda orta əmək haqqının həcmi 521,2 manat olub ki, bu da əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 1,6 manat və ya 0,31% artıb.
2018-ci ilin 10 ayında Bakının Nəsimi rayonunda muzdla işləyənlərin ümumi sayı 163 948 nəfər təşkil edib. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 11 439 nəfər və ya 7,5% çoxdur. Onların orta əmək haqlarının həcmi isə 652 manat təşkil edib ki, bu da əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 37,2 manat və ya 6,05% çoxdur.
Nizami rayonunda isə bu müddət ərzində muzdla işləyənlərin orta hesabla ümumi sayı 379 nəfər və ya 0,85% azalaraq 44 293 nəfər olub. 2018-ci ilin yanvar-oktyabr aylarında onların da orta əmək haqlarının həcmi 18 manat və ya 2,69% azalaraq 650,9 manat təşkil edib.
Bakının ən böyük rayonlarından biri olan Xətaidə isə ümumi çalışanların sayı 63 066 nəfər təşkil edib. Bu müddət ərzində onlar aylıq olaraq orta hesabla 776,6 manat əmək haqqı alıblar. Bu rəqəm say baxımdan 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 586 nəfər və ya 0,94% çoxdur. Məbləğ baxımımdan isə bu rəqəm 54,5 manat və ya 6,56% azdır.
Bakının sayca 11-ci rayonu Yasamalda isə çalışanların sayı 2018-ci ilin yanvar-oktyabr aylarında 105 393 nəfər olub. Əvvəlki ilin 10 ayı ilə müqayisədə onların sayı 961 nəfər və ya ya 0,92% artıb. Onların orta əmək haqlarının həcmi 688,8 manat olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 42,9 manat və ya 6,64% çoxalıb.
Paytaxtın sayca 12-ci olan və sonuncu yaradılan Pirallahıda isə işləyənlərin orta sayı 8 139 nəfər olub. Onların aylıq aldıqları maaşlarının orta hıəcmi isə 1 465,3 manat təşkil edib. Bununla da bu rayonda işləyənlərin sayı 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 423 nəfər və ya 5,48%, əmək haqqılarının orta həcmi isə 85,7 manat və ya 6,21% artıb.
Beləliklə, belə qənaətə gəlmək olar ki, 2018-ci ilin on ayında paytaxt Bakıda ən çox iş yeri olan rayon Nəsimidir. Bu rayonda 163 948 nəfər işlə təmin edilib. Bakının ən yüksək əmək haqqı verən iş yerləri olan rayon isə Pirallahıdır. Bu rayonda işçi orta hesabla 1 465,3 manat əmək haqqı alır.