Azərbaycanda ilk dəfə bank BOKT-a çevrilib

Azərbaycanda ilk dəfə bank BOKT-a çevrilib Maliyyə Bazarlarına Nəzarət Palatası ​“Para” ASC BOKT-a lisenziya verib
Maliyyə
31 Mart , 2017 13:27
Azərbaycanda ilk dəfə bank BOKT-a çevrilib

Bakı. 31 mart. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 30 mart 2017-ci il tarixli qərarına əsasən “Para” ASC bank olmayan kredit təşkilatına (BOKT) girov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə dair lisenziya verilib.

Bu barədə “Report” Palataya istinadən xəbər verir.

Məlumatda deyilir ki, “Parabank” ASC-nin lisenziyası MBNP-nin Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarı ilə ləğv edilib və məhkəmənin qərarına əsasən banka Əmanətlərin Sığortalanması Fondu (Fond) ləğvedici kimi təyin olunub. Fond 43 milyon manat sığortalanmış əmanətlər üzrə kompensasiya ödəyib. Qurum və "Parabank”ın səhmdarları arasında bankın BOKT-a transformasiyası məsələsi razılaşdırılıb və MBNP-yə müraciət edilib.

MBNP-nin məsələyə dair ilkin razılığı alındıqdan sonra bankın BOKT-a çevrilməsi ilə bağlı Fond tərəfindən 22 avqust 2016-cı il tarixində məhkəməyə müraciət edilib və məhkəmənin 31 avqust 2016-cı il tarixli qərarı ilə ərizə təmin edilib. “Para” BOKT-un nizamnaməsi 2 dekabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb.

Məhkəmənin 9 fevral 2017-ci il tarixli qərardadı ilə “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb və Fondun ləğvedici kimi fəaliyyətinə xitam verilib. Cəmiyyət BOKT kimi fəaliyyətə başlamaq üçün xüsusi icazə almaq məqsədilə 9 mart 2017-ci il tarixində MBNP-yə müraciət edib.

“Parabank” ASC-nin hüquqi və fiziki şəxslər qarşısında 39 milyon manat məbləğində öhdəliyi icra edilib, qalan digər öhdəlikləri isə kreditorlarla razılaşdırılaraq tənzimlənib.

MBNP “Bank olmayan kredit təşkilatları haqqında” qanunu və özünün nizamnaməsini rəhbər tutaraq, “Para” BOKT-a girov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə lisenziya verib. Bununla da, ilk dəfə bankın digər kredit təşkilatına – BOKT-a çevrilməsi prosesi həyata keçirilib.

Direktorlar Şurasının iclasında, həmçinin “Para” BOKT-un xidmət şəbəkəsinin formalaşdırılması məqsədilə 20 filialının açılmasına dair müraciətinə baxılıb və müvafiq icazələrin verilməsinə dair müsbət qərar qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi