"İqlim maliyyəsi", "yaşıl büdcə" və bu kimi anlayışlar dövlət maliyyəsinin idarə edilməsi sahəsində populyarlaşsa da, hələ də bu sahədə yaxşı təcrübə kimi qeyd edilə biləcək nümunələrin sayı azdır.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Ali Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun (WGEA) Bakıda keçirilən illik toplantısında bildirib.
Bundan başqa, o deyib ki, Azərbaycanın şirin su ehtiyatlarının 75 %-i kənarda formalaşan transsərhəd sulardır: "Quraqlıq və qonşu ölkələrin həmin sularda istifadə etməsi transsərhəd çayların Azərbaycan ərazisinə çatana qədər ehtiyatlarının azalmasına səbəb olur. Eyni zamanda, çayların Azərbaycan ərazisinə çatana qədər müvafiq normalardan artıq çirklənməsi ətraf mühitə daha böyük mənfi təsirlərlə yanaşı, həmin suların məişətdə və təsərrüfat məqsədləri üçün istifadə edilməsinə uyğunlaşdırılması əlavə vaxt və resurslar tələb edir. Ətraf mühit, o cümlədən iqlim fəaliyyəti sahəsində strateji idarəetmə çərçivəsinin olması və dövlət maliyyə idarəetməsi (PFM) sisteminin iqlim problemini nəzərə alması çox vacibdir. İqlim fəaliyyəti ilə bağlı məlumatların çeşidli, vaxtında təqdim olunması zəruri məsələdir".