Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərə investisiya 3 dəfə artıb

Maliyyə
  • 24 noyabr, 2023
  • 09:49
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərə investisiya 3 dəfə artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşlarının iştirakı ilə Türkiyədə 224 şirkət yaradılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,4 % azdır.

“Report” bu barədə "Türkiyə Odalar və Birjalar Birliyi"nə (TOBB) istinadən xəbər verir.

Məlumata görə, bu il yaradılmış şirkətlərin 36-sı (illik müqayisədə 18,2 % az) səhmdar cəmiyyət (SC), 188-i isə (22 % az) məhdud məsuliyyətli cəmiyyət (MMC) formasındadır.

Hesabat dövründə yaradılmış şirkətlərin ümumi kapitalı 435 milyon 970 min türk lirəsi (13 milyon 079 min ABŞ dolları) olub ki, bu da 1 il əvvələ nisbətən 3 dəfə çoxdur. Bunun 78,4 %-ni və yaxud 341 milyon 831 min türk lirəsini (10 milyon 255 min ABŞ dolları; 3 dəfə çox) sırf Azərbaycan vətəndaşları təmin edib.

Təkcə bu ilin oktyabr ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 19 şirkət (illik müqayisədə 45,7 % az) yaradıb. Şirkətlərin 2-si SC (2 dəfə az), 17-si MMC (45,2 % az) olub. Ümumi kapitalı 30 milyon 150 min türk lirəsi (904,5 min ABŞ dolları; 69,5 % çox) olan ortaq şirkətlərin kapitalının 98,2 %-i və ya 29 milyon 595 min türk lirəsi (888 min ABŞ dolları; 2,1 dəfə çox) azərbaycanlılara məxsus olub.