TƏBİB-in konsolidə edilmiş maliyyə hesabatlarının kənar auditinin dəyəri açıqlanıb
- 12 oktyabr, 2024
- 13:37
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki müəssisələr üzrə (tabe olduğu yuxarı təşkilatlarla birlikdə) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun 2022-ci ilin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının kənar auditi xidmətinin ehtimal olunan qiyməti 1 milyon 986 min 333,33 manat təşkil edir.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bu, TƏBİB-in elan etdiyi satınalma şərtlərində öz əksini tapıb.
Tender şərtlərinə əsasən təchizatçılar təklifləri təqdim etmək üçün 25 manat istifadə haqqı və 600 manat iştirak haqqı ödəməlidirlər.
İştirak haqqı təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, istifadə haqqı isə heç bir halda geri qaytarılmır.
Təkliflər noyabrın 15-i saat 14:00-a kimi təqdim edilməlidir. Zərflər həmin gün eyni saatda açılacaq.