İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın “Report” İnformasiya Agentliyinə müsahibəsini təqdim edirik.
- Samirə xanım, beynəlxalq təşkilatlar tez-tez ölkəmizdə həyata keçirilən islahatlarla bağlı qiymətləndirmə hesabatı açıqlayır. Əksər təşkilatların hesabatlarında Azərbaycanda vergi sahəsində həyata keçirilən islahatlar yüksək qiymətləndirilir. Post-müharibə və post-pandemiya dövrünü nəzərə alaraq iqtisadi artımın əsas amili kimi vergi islahatlarının daha da dərinləşməsinə ehtiyac varmı?
- Bildiyiniz kimi, vergi iqtisadiyyatın tənzimlənməsinin mühüm alətlərindən biridir və vergi sahəsində aparılan islahatlar, ölkədə həyata keçirilən islahatların mühüm tərkib hissəsidir. Vergi sistemində aparılan islahatlar iqtisadi siyasəti dəstəkləyir və onun vergi yolu ilə tənzimlənməsini həyata keçirir.
Ortamüddətli dövrdə vergi islahatlarından danışarkən, bunun əsasları, ilk növbədə, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə söykənir. Bildiyiniz kimi, milli pioritetlərin 5 əsas istiqamətlərindən biri dayanıqlı, artan rəqabətli iqtisadiyyatın təmin edilməsidir. Həm bu prioritet, həm də sosial-iqtisadi inkişafın digər prioritetləri, o cümlədən rəqabətli insan kapitalı və müasir innovasiyalar, yaxud təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi və s. məsələlər də bu və ya digər formada vergi tənzimlənməsini tələb edir.
Ortamüddətli dövrdə aparılacaq vergi islahatlarının istiqamətlərini müəyyən edən məhz həmin prioritetlər olacaq. Bu gün hökumətin üzvü kimi İqtisadiyyat Nazirliyi və Dövlət Vergi Xidməti də həmin milli prioritetlərdən irəli gələn ortamüddətli dövrün tədbirlər planlarını, islahat istiqamətlərini müəyyənləşdirirlər. Beləliklə, ortamüddətli dövrdə baxış nədən ibarətdir?
Sizə də bəllidir ki, postmüharibə və postpandemiya dövrü olmasına baxmayaraq, ümumi iqtisadi dinamika, iqtisadi göstəricilər müsbətdir. Ümumi daxili məhsulun (ÜDM) artım tempi müsbətdir - 2021-ci ildə ÜDM 5,6 % artıb. Qeyri-neft sektorunda artım göstəricisi 7,2 %-ə bərabərdir. Təbii ki, bu artıma təsir edən bir çox səbəblər var. Bu, həm iqtisadiyyatın şəffaflaşması, həm sənayenin inkişafı - bütövlükdə iqtisadiyyatın diversifikasiyası nəticəsində mümkün olub. Təbii ki, bu da öz növbəsində, ortamüddətli dövrdə də ÜDM-in artım tempinə uyğunlaşan bir vergi siyasətinin həyata keçirilməsini tələb edir.
- Əsas hədəflər nədir?
- Bunlardan birincisi, idxal məhsullarının yerli istehsal məhsulları ilə əvəzlənməsi, sənayeləşmənin daha da inkişafı üçün effektiv vergi tənzimlənmələrinin həyata keçirilməsidir. Mütəmadi aparılan təhlillər ölkənin hansı məhsullarının idxalından asılılığının mövcudluğunu və həmin məhsulların ölkədə istehsalının həcminin artırılması üçün nə kimi iqtisadi təşviq alətlərinə ehtiyac olduğunu müəyyən edir. Bu tənzimləmə alətlərindən biri də vergi təşviqləri olduğuna görə, qarşıdakı dövrdə yerli istehsalın təşviqi ilə bağlı vergi tənzimləmələri həyata keçiriləcək.
Maliyyə və kapital bazarlarının inkişafının da vergi yolu ilə tənzimlənməsi və təşviqi nəzərdə tutulur. Maliyyə və kapital bazarları nə qədər çox inkişaf etsə, bir o qədər real sektorun inkişafına dəstək verə bilir. Ona görə də ölkəmizdə müasir maliyyə alətlərinin inkişafı üçün vergi təşviqlərinin, vergi tənzimləmələrinin verilməsi də nəzərdə tutulur.
İşğaldan azad olunmuş ərazilərdə, həm də iqlim şəraiti nəzərə alınmaqla Azərbaycanın turizm potensialı olan regionlarında turizmin inkişafı, bu sektorun sabit xərclərinin azaldılması və bunun vergi yolu ilə tənzimlənməsi vergi islahatlarında daha bir istiqamət olacaqdır.
Son bir neçə ildə həyata keçirilən islahatların ayrılmaz tərkib hissəsi, bəlkə də aparıcı istiqaməti “kölgə iqtisadiyyatı”nın azaldılması ilə bağlı həyata keçirilən tədbirlərdir. “Kölgə iqtisadiyyatı” ilə mübarizə bir ildə həyata keçirilən və növbəti ildə yekunlaşan bir proses deyil. Hər il vergi qanunvericiliyində də, vergi inzibatçılığında da aparılan bütün islahatlarda şəffaflaşmanın artırılması və haqsız rəqabətin qarşısını almaq məqsədi daşıyan təkmilləşdirmələr aparılır ki, bunların da əsas hədəfi “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, qanunsuz sahibkarlıqla mübarizənin genişləndirilməsidir. Bu tədbirlər isə yalnız cəza siyasəti, yaxud müxtəlif sanksiyaların artırılmasını nəzərdə tutmur. Burada daha çox rəqəmsallaşma, üçüncü şəxslərdən, yəni ayrı-ayrı subyektlərdən məlumatların toplanması, onların keyfiyyətli rəqəmsal emal olunması yolu ilə mümkün qədər vergidən yayınmaların, vergilərin minimallaşmasının qarşısını alınması ilə bağlı tədbirlərdir. Bunlarla yanaşı, ciddi inzibatçılıq islahatları ilə bağlı da tədbirlər planı işlənib hazırlanıb.
Müşahidələr göstərir ki, bu gün mikro və kiçik sahibkarlıq sahəsində vergidən yayınma halları bəzən bilərəkdən yox, daha çox qanunları kifayət qədər bilməmək, əməletmə ilə bağlı prosedurları tam icra edə bilməmək və s. məsələlərdən yaranır. Burada maliyyə savadlılığı məsələsi, yaxud bir sıra məlumatlara çıxış imkanı ilə bağlı şərtləri səbəb kimi göstərmək mümkündür. Bütün bunları nəzərə alaraq, mikro və kiçik sahibkarların vergi öhdəliklərini mobil tətbiqlər, yəni sadə mobil əlavələr vasitəsi ilə icra etməsi üçün müəyyən hazırlıq işləri aparılır. Hesab edirik ki, yaxın zamanlarda biz bu sahədə də yeni təşəbbüslərin reallaşmasını görəcəyik.
Ölkədə aparılan iqtisadi siyasət, iqtisadi prioritetlər əsas götürülməklə yanaşı, vergi sahəsində beynəlxalq tendensiyalar da diqqət mərkəzindədir. Çünki, iqtisadiyyat təcrid olunmuş şəkildə mövcud ola bilməz. Bu baxımdan transmilli şirkətlərin dünyanın ayrı-ayrı yerlərində vergilərin ödənilməsi, vergidən yayınmanın, verginin bir ölkədən digərinə daşınmasının qarşısının alınması ilə bağlı beynəlxalq təcrübə araşdırılır. Bu sahədə tətbiq olunan müasir alətlərin milli vergi qanunvericiliyində öz əksini tapması bundan sonra da təmin olunacaq.
Vergi islahatları ilə bağlı daha qlobal məsələlərə toxunsaq, bu istiqamətdə daha bir məsələni qeyd etmək istərdim. Əgər bu günə qədər hər hansı vergi ödəyicisi tərəfindən bu və ya digər səbəbdən vergitutma obyektləri, təsərrüfat subyektləri, əmlakların gizlədilməsi halları mövcud olubsa, dövlət ortamüddətli dövr ərzində əmlak və kapital amnistiyası verməklə uçotdan yayındırılmış, gizlədilmiş aktivlərin və əmlakların bəyan edilməsinə şərait yaradacaq islahatları da nəzərdən keçirir.
Bu kapitalın amnistiya prosesindən keçməklə şəffaflaşdırılması, uçotdan gizlədilmiş əmlakların bəyan edilməsi üçün dövlətin amnistiya və bir sıra dövlət təminatlarını verməsi və növbəti dövrdə leqal iqtisadiyyatın həcminin artırılması ilə bağlı hədəflərimiz mövcuddur.
Qısacası, başlıca istiqamətlər bundan ibarətdir ki, vergi islahatları ümumi iqtisadi prioritetlərlə uyğunlaşaraq qeyri-neft sahəsində, xüsusilə sənayedə yerli istehsalın həcminin artırılmasına və yeni iş yerlərinin yaradılmasına xidmət edəcəkdir.
- Son illərdə demək olar ki, hər il Vergi Məcəlləsinə hansısa əlavə dəyişikliklər edilir. Hər il baş tutan dəyişikliklər əvəzinə yeni Vergi Məcəlləsi hazırlayaraq ondan uzunmüddət istifadə mümkündürmü?
- Qaldırılan məsələ o baxımdan ədalətlidir ki, hər bir sahibkar qoyduğu investisiya üzrə müəyyən bir təminatlar istəyir və həmin təminatlardan bəlkə də ən başlıcası ondan ibarətdir ki, investisiyalar qoyulan zaman mövcud olan vergi öhdəlikləri, vergi riskləri sonradan artırılmış olmasın.
Lakin gəlin son illərin vergi islahatlarına diqqət yetirək.
Ümumdünya Səhiyyə Təşkilatının, beynəlxalq təşkilatların tövsiyyə və tələbləri nəzərə alınmaqla alkoqollu içkilərə və tütün məmulatlarına münasibətdə aksiz dərəcələrinin artırılması siyasəti gedir və bu davam etdiriləcək. Son illərin vergi islahatlarını müşahidə etsəniz, bəzi aksizli mallar üzrə aksiz dərəcəsinin artırılması istisna olmaqla, qalan dəyikliklərin sahibkarın xeyrinə edildiyinin şahidi olarsınız. Dövlət iqtisadi prioritetləri müəyyən edir və yeni bir sahayə investisiya qoyuluşunu təşviq etmək üçün yeni güşətlər və müasir təşviq alətləri verir. Yaxud bir sıra dəyişikliklər sahibkarın daha az vergi nəzarəti və vergi yoxlaması ilə əhatə edilməsinə xidmət edir. Məsələn, bügünkü texniki infrastrukturumuz imkan verir ki, vergi orqanları bir sıra hesabatları tələb etməsin, yaxud bəzi nəzarət tədbirləri mexanizmini məhdudlaşdıraq.
Bu imkanlarımız artdıqca biz ilkin uçot sənədlərinin, bu günə qədər verilən hesabatların sayını azaldırıq, yaxud inzibatçılığı sadələşdiririk. Elektronlaşma tələbini qoyuruq. Yəni, son illərin bütün islahatları vergi yükünün artırılması, inzibatçılığın gücləndirilməsinə yox, əksinə innovasiyaların daha geniş tətbiqi ilə bu günə qədər təqdim olunan sənədlərin elektron qaydada təqdim edilməsi, dövlətin sənayeləşmə və investisiyaların cəlb edilməsi siyasətini dəstəkləyən vergi təşviqlərinin verilməsinə hesablanıb. Bu siyahıda sənaye parklarına və texnoparklarına, kiçik orta biznesin klaster şirkətinə, onların iştirakçı şirkətinə, startaplara vergi güzəştlərinin, mikrosahibkarlığa 75 %-lik güzəştin verilməsi və s. məsələlər var.
Bir daha təkrar edirəm ki, sahibkarların qanuna edilən mütəmadi dəyişikliklərlə bağlı narahatlığını anlayırıq. Çünki investor istəyir ki, qanun bəlli və sabit olsun, növbəti 3-5 illik biznes planını müəyyən etməsi üçün gözlənilməz yeniliklərə səbəb olmasın. Amma, bu investoru narahat edəcək dəyişiklikdən daha çox, hər il onların tələbləri dinlənilməklə və əlavə investisiyaların cəlb edilməsi üçün daha yeni təşviqlər istənilməsi ilə bağlıdır və daha çox inzibatçılığın sadələşməsinə xidmət edir. Məsələn, əgər əvvəllər sahibkarın vəsaitinin və vaxtının sərf olunmasına səbəb olan kağız qaimə fakturalar var idisə, artıq onlar ləğv olunub. Elektron infrastruktur, sahibkarların hazırlıq səviyyəsi və bizim bu məlumatları emal imkanlarımız nəzərə alınmaqla, elektronlaşdırılma həyata keçirilir.
Yeni Vergi Məcəlləsinin hazırlanması müzakirə olunan aktual məsələdir. Burada əsas məqsəd ondan ibarətdir ki, artıq illər ərzində iqtisadiyyatın strukturu dəyişdikcə, innovasiyaların tətbiqi artdıqca, beynəlxalq tendensiyalarda hər il ümumi qəbul edilmiş tənzimləmələrə uyğunlaşma tələb olunduqca, ölkədən transmilli şirkətlər tərəfindən pul vəsaitlərinin çıxarılmasının qarşısının alınması ilə bağlı beynəlxalq modellər təklilləşdirildikcə, onların qanunlara gətirilməsi tövsiyyə olunur. Razıyam ki, bu tip dəyişikliklərin olunması kimi obyektiv məsələləri nəzərə almaqla qanuna çoxsaylı dəyişikliklər olub və bəzən bu səbəbdən sahibkarlara vergi qanunvericiliyi kifayət qədər mürəkkəb gələ bilir. Bu mürəkkəbliyin daha sadə struktura çevrilməsi, daha anlaşılan olması üçün yeni Vergi Məcəlləsinin hazırlanması gündəlikdə olan məsələlərdəndir. Biz sahibkarlardan indiyə qədər aldığımız təklif və tövsiyələrini nəzərə alaraq yeni Vergi Məcəlləsinin hazırlanmasını planlaşdırırıq.
- Azərbaycanda innovativ texnologiyaları ilk tətbiq edən qurumlar sırasında vergi orqanları da var. Bu gün ölkə Prezidentinin göstərişi ilə “IV sənaye inqilabı”nın çağırışlarına cavab vermək və rəqəmsallaşmanı dərinləşdirmək istiqamətində addımlar atılır. Dövlət Vergi Xidməti olaraq daha hansı innovativ yeniliklər planlaşdırırsınız?
- Haqlısınız. Artıq biz həddindən çox yeni çağırışlarla üz-üzəyik. Qeyd etdiyim kimi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in özündə də müasir innovasiyaların tətbiqi dövlətin müəyyən etdiyi beş əsas prioritetdən biri kimi göstərilib. Bu, yalnız vergi orqanlarının deyil, ölkə iqtisadiyyatının bütün sahələrinə aid olur.
Bir zamanlar rəqəmsallaşma sahəsində ən geniş islahatlar məhz vergi orqanlarında həyata keçirilirdi. Amma bu gün ölkədə bütün dövlət və hökumət orqanlarının göstərdiyi ximdətlər elektronlaşdırılıb. Bu isə bizdən bu sahədə aparılan islahatları daha çevik həyata keçirməyi tələb edir.
Onu da əlavə edim ki, Dövlət Vergi Xidmətində Rəqəmsal Transformasiya Şurası mövcuddur və Şuranın gündəliyində həm vergi orqanı ilə sahibkar, həm də bu sferada olan digər tərəflər, o cümlədən dövlət orqanları ilə rəqəmsal məlumat mübadiləsi, bu mübadilədən əldə olunmuş məlumatın rəqəmsal emalı məsələləri müzakirə predmetidir. Təbii ki, bu da mərhələli şəkildə davam edən bir prosesdir.
Ortamüddətli dövr üçün konkret hədəflərimiz var. Peşə bayramımız ərəfəsində “e-taxes.gov.az” portalının yeni versiyası fəaliyyətə başlayacaq. Həmin portal üzərindən bu günə qədər təqdim edilən xidmətlərlə yanaşı sahibkarlara əlavə xidmətlər də göstəriləcək. Həmçinin mövcud xidmətlərin daha sadə və asan interfeys üzərindən həyata keçirilməsi təmin olunacaq. Sahibkarların uyğunlaşması üçün bir müddət köhnə və yeni portal paralel fəaliyyət göstərəcək. Daha sonra isə ancaq yeni portal fəaliyyət göstərəcək. Əminəm ki, “e-taxes.gov.az” portalının yeni forması sahibkarlarımıza daha sadə və asan əməliyyatlar aparmasına şərait yaradan portal olacaq.
Həmçinin bildiyiniz kimi, 2006-cı ildən vergi orqanları öz daxilində də bütün münasibətlər və əlaqələri Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) üzərindən aparır. Yaxın zamanlarda isə “AVİS-2” sistemi fəaliyyətə başlayacaq. Bunun imkanları isə daha geniş olacaq və yeni sistem daha mütərəqqi rəqəmsal həllərə əsaslanan bir elektron platformadır. Belə ki, bu platforma vasitəsi ilə daha çevik və daha çox məlumatların emalı mümkün olacaq. Təbii ki, vergi orqanı məlumatı nə qədər tez və dürüst alsa, bu vergi ödəyicisinin vergi öhdəliklərinin çevik şəkildə müəyyən olunmasına gətirib çıxaracaq.
İqtisadiyyat naziri tərəfindən vergi auditinin keyfiyyət göstəriciləri ilə bağlı bu fikir dəfələrlə səslənib. Baxmayaraq ki, vergi yoxlamalarının sayı 2018-ci illə müqayisədə 4,5 dəfə azalıb, amma bir yoxlamaya düşən vergi daxilolmasının həcmi 4 dəfə artıb. Bu isə onu göstərir ki, biz nə qədər məsafədən çox alınmış məlumatları emal ediriksə, o qədər az yoxlamaya gedirik. Yalnız risklər əsasında müəyyən olunan yoxlamalara gedilir və real risklər üzrə də daha çox vergilər hesablanır. Ona görə də “AVİS-2”nin sahibkarlara faydalı olacağına əminik.
Öncəki sualda da qeyd etdiyim kimi, mikro və kiçik sahibkarlara mobil tətbiqlər vasitəsi ilə bütün vergi öhdəliklərini yerinə yetirmək, bəyannamələri, hesabatlarını vermək, vergiləri ödəmək imkanı yaradılır.
Süni intellektin istifadəsi, iri məlumatların təhlili və idarə edilməsi, əşyaların interneti (IoT), yəni istehsal müəssisələrində müəyyən cihazlar, qurğular vasitəsi ilə məsafədən istehsal həcminin müəyyənləşdirilməsi kimi imkanlar yaradılır. Bu vergi orqanı tərəfindən vergilərin hesablanmasına şərait yaratmaqla yanaşı, dediyim kimi, yoxlamalara daha az ehtiyac yaradacaq.
Beynəlxalq təcrübədə geniş tətbiq olunan vergi bəyannamələrinin öncədən doldurulub vergi ödəyicilərinə təqdim edilməsi alətindən də istifadəyə başlanacaq. Artıq rəqəmsal nəzarət-kassa aparatlarının (NKA) tətbiqi kifayət qədər genişlənib. Bu gün ölkədə 52 mindən çox yeni nəsil rəqəmsal NKA quraşdırılıb. Vergi orqanı birbaşa obyektə getmədən, kassa məlumatlarını çıxarıb oxumadan vergi ödəyicilərinin gündəlik əməliyyatlarının həcmini məsafədən müşahidə edə bilir. 2021-ci ilin göstəricilərinə görə, NKA-lar üzərindən həyata keçirilən dövriyyənin həcmi 1,8 dəfə artıb. Bu o deməkdir ki, bir rəqəmsal alət ödəyicinin qapısını döymədən müvafiq sahədə pərakəndə şəkildə əməliyyatların həcmini bu qədər artırıb.
Bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulan planlardan biri də ondan ibarətdir ki, mobil telefonların həm POS-terminal, həm də nəzarət-kassa aparatı funksiyasını daşıması üçün də müvafiq yeniliklərin tətbiqi ilə bağlı işlər görür. Yəni sahibkar daha az xərc çəkəcək. Daha az cihazla daha çox funksiyaları icra edə biləcək və müvafiq proqram təminatları vasitəsi ilə həyata keçiriləcək.
- İki gün öncə Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “Report”a müsahibəsində bildirmişdi ki, jurnalistlərə və media subyektlərinə vergi güzəştlərinin edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklərin olunması üçün müvafiq qurumlarla müzakirələr aparılır. Müzakirə mövzusu olan məsələlər nədən ibarətdir?
- Bəllidir ki, dövlətin mediaya yanaşması həmişə həssas olub. Dünyanın hər tərəfində mediaya münasibət həssasdır. Vətən müharibəsi dövründə də Azərbaycan mediasının rolu danılmazdır. Tək Dövlət Vergi Xidməti deyil, bütün aidiyyatı dövlət orqanları öz səlahiyətləri daxilində medianın ölkədə inkişafının dəstəklənməsi ilə bağlı müvafiq tədbirlər görür.
“Media haqqında” qanun iki gün öncə qəbul olunub. Amma qanun qəbul olunana qədər də hökumət, aidiyyatı dövlət qurumları medianın problemlərinin öyrənilməsi, təhlil edilməsi, hansı formada dövlət dəstəyi tədbirləri həyata keçirilməsi ilə bağlı ciddi təhlillər aparırdı. İqtisadiyyat Nazirliyində də media nümayəndələri ilə görüşlər keçirilib, bu görüşlərdə onların təklifləri dinlənilib. Medianın maliyyə dayanıqlığını artırmaq, onların daha çox dövriyyə vəsaitlərindən səmərəli istifadəni təmin etmək, həmin vəsaitlərin medianın inkişafına yönəldilməsi üçün vergi təşviqlərinə də ehtiyac olduğu bildirilib.
İlkin olaraq Dövlət Vergi Xidməti tərəfindən Medianın İnkişafı Agentliyi ilə birlikdə müəyyən təkliflər hazırlanıb və formalaşdırılıb. Təbii ki, qanun qəbul olunmadan dəyişikliklərin tam dairəsinin elan olunması düzgün deyil, amma onu deyə bilərik ki, dəyişiklik istiqamətləri medianın məhz media ilə bağlı fəaliyyətdən əldə etdiyi gəlirlərə və mənfəətə müddətli güzəşt və azadolmaların verilməsi, media qurumları tərəfindən təqdim olunan məhsullar üzrə Əlavə Dəyər Vergisi (ƏDV) ilə bağlı vergi güzəştlərinin tətbiq olunması ilə bağlıdır.
Hazırda bu qanun layihəsi Medianın İnkişafı Agentliyi tərəfindən Nazirlər Kabineti vasitəsi ilə hökumətə təqdim olunub. Hökumət də bu layihəni rəy bildirilməsi üçün İqtisaidyyat Nazirliyi də daxil olmaqla aidiyyatı qurumlara göndərib. Bütövlükdə Dövlət Vergi Xidməti mediaya vergi güzəştlərinin təşviqlərinin verilməsini dəstəkləyir.
- Sonda Sizi və Sizin timsalınızda bütün vergi işçilərini bugünkü peşə bayramı mnüasibəti ilə təbrik edirik.
- Təşəkkür edirəm. Mən də bütün Dövlət Vergi Xidməti orqanı əməkdaşlarını “11 fevral - vergi xidməti işçilərinin peşə bayramı” münasibəti ilə təbrik edirəm. Onların hər birinə çətin, şərəfli və məsuliyyətli peşələrində uğurlar arzu edirəm.
Müsahibə üçün təşəkkür edirik.