Azərbaycanda əmanətlərin dollarlaşması son illərdə nəzərəçarpacaq dərəcədə azalaraq pandemiyadan əvvəlki 55 %-dən 2024-cü ilin aprel ayına olan məlumata görə 37 %-ə enib.
“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında qeyd edilib.
“Hesab edirik ki, sabit məzənnə və əlverişli, büdcədə nəzərdə tutulandan yuxarı neft qiymətləri fonunda xarici valyutada depozitlər üzrə 2,5 %-lə müqayisədə milli valyutada depozitlər üzrə orta faiz dərəcəsinin (8,4%) xeyli yüksək olması manatla əmanətlərin cəlbediciliyini artırıb. Lakin fikrimizcə, manatın məzənnəsinə aşağı yönlü təzyiqin artması ssenarisində ölkə sakinləri inflyasiya və valyuta risklərindən sığortalanmaq üçün tez bir zamanda yenidən dollarsızlaşdırmanı həyata keçirə bilər”, - agentliyin analitikləri hesab edirlər.
Hesabatda vurğulanıb ki, Azərbaycanın bank sektoru uzun sürən korreksiyadan sonra bərpa əlamətləri göstərir: “Bir neçə illik durğunluqdan sonra 2020-ci ildən kredit aktivliyi bərpa olunub və pul-kredit siyasətinin tədricən yumşaldılması 2024-2025-ci illərdə kreditəşmənin artımını dəstəkləyəcəyini gözləyirik. Hesab edirik ki, kredit portfeli tədricən dəyişdiyi üçün problemli kreditlərin payı növbəti iki il ərzində artaraq orta hesabla 4 %-ə çata bilər. Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin sonunda bu göstəricinin 2,6 % olacağını bəyan etmişdi”.