“Report” İnformasiya Agentliyi Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) tərəfindən jurnalistlər arasında təşkil olunmuş növbəti yazı müsabiqəsində qalib olub.
“Report”un məlumatına görə, Agentliyin baş redaktor müavini İlahə Məmmədli “Risklərin təminat altına alınmasında həyat sığortalarının rolu” mövzusunda keçirilən yazı müsabiqəsində ikinci yeri tutub.
Bu gün yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Yazı müsabiqəsində I, II və III yerlər üzrə qaliblərə xüsusi plaket və pul mükafatları, müsabiqədə iştirak edən digər 3 jurnalistə isə sertifikat və qiymətli hədiyyələr təqdim olunub.
Yazı müsabiqəsində 1-ci yerə “ENA.az” xəbər portalının baş redaktoru İlhamə Abdullayeva, 3-cü yerə isə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) aparıcı müxbiri Samirə Quliyeva layiq görülüb. "Banco.az" xəbər portalının reportyoru Gülnar Əhmədli, "Vergilər" qəzetinin II dərəcəli müxbiri Fərqanə Sədirova və "GDP.az" xəbər portalının redaktoru Aynur Qəniyeva sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, bu yazı müsabiqəsi Azərbaycan Mərkəzi Bankı, ASA və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində təşkil olunub. Müsabiqənin başlıca məqsədi ölkədə sığorta savadlılığının artırılmasına, cəmiyyətdə sığortaya marağın formalaşdırılmasına, habelə jurnalistlərin sığorta sahəsində də ixtisaslaşmasına töhfə verməkdən ibarətdir.