Qlobal maliyyə sistemində yeni dövrün başlanğıcı

Qlobal maliyyə sistemində yeni dövrün başlanğıcı Bu gün dünya maliyyə bazarlarında tarixi bir hadisə baş verdi: bitkoin ilk dəfə olaraq 100 min ABŞ dollarlıq psixoloji həddi keçərək 104 088 ABŞ dollara qədər yüksəldi. Bu, yalnız kriptovalyuta dünyası üçün deyil, ümumilikdə qlobal maliyyə sistemi üçün əh
Maliyyə
5 Dekabr , 2024 20:01
Qlobal maliyyə sistemində yeni dövrün başlanğıcı

Bu gün dünya maliyyə bazarlarında tarixi bir hadisə baş verdi: bitkoin ilk dəfə olaraq 100 min ABŞ dollarlıq psixoloji həddi keçərək 104 088 ABŞ dollara qədər yüksəldi. Bu, yalnız kriptovalyuta dünyası üçün deyil, ümumilikdə qlobal maliyyə sistemi üçün əhəmiyyətli bir dönüş nöqtəsi kimi qiymətləndirilir.

Kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin ümumi bazar kapitalizasiyası hazırda 3,5 trilyon ABŞ dolları təşkil edir ki, bunun 54 %-i bitkoinə məxsusdur. Hazırda bitkoinin qiyməti 101 478 ABŞ dolları təşkil edir, bazar kapitalizasiyası isə 2 trilyon ABŞ dollara çatıb. Bununla da bitkoin”, “Tesla”, “Meta”, “Saudi Aramco” kimi nəhəng şirkətləri və hətta gümüşü geridə qoyaraq dünyanın ən bahalı aktivləri siyahısında 7-ci pilləyə yüksəlib.

Artımın əsas səbəbləri

Kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev, bitkoinin qiymətinin artımına təsir edən əsas faktorlardan biri ABŞ Prezidenti Donald Trampın Amerika Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) yeni sədrinin təyinatıdır: "Bu şəxs kriptovalyuta sektoruna loyal yanaşması ilə tanınır. Bu addım, bazara inamı artıraraq investorlar arasında pozitiv əhval-ruhiyyə yaradıb".

Bitkoinin bahalaşmasının digər bir səbəbi ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauelinin (Jerome Powell) açıqlaması olub. O, bitkoini dollara deyil, qızıla alternativ kimi gördüklərini bəyan edib. Bu yanaşma, bitkoinin etibarlı bir investisiya aləti kimi qəbul olunmasına şərait yaradıb.

Rusiya Prezidenti Vladimir Putinin, "Sberbank" tərəfindən təşkil olunan forumda çıxışı da bu bazara artıcı təsir göstərib. O bildirib ki, heç bir ölkə bitkoin və digər kriptovalyutaları qadağan edə bilməz. Onun sözlərinə görə, rəqəmsal aktivlər dünya maliyyə sistemində dönüş yaradır və bu prosesin qarşısını almaq mümkün deyil.

Bununla yanaşı böyük maliyyə qurumları və investisiya fondları bitkoini öz portfellərinə əlavə edərək bu yüksəlişə əhəmiyyətli töhfə verdilər. Bitkoinə tələb, həmçinin ənənəvi valyutaların dəyər itirməsi ilə inflyasiyadan qorunma vasitəsi kimi də artdı. Bitkoinin ümumi təklifinin 21 milyon ilə məhdudlaşması da qıtlığı artıraraq onun dəyərini yüksəltdi, blokçeyn texnologiyasındakı yeniliklər və miqyaslanma həlləri isə bitkoinin istifadə sahələrini genişləndirdi.

Bazarın mövcud mənzərəsi və gələcəyi

Hazırda bazar kapitalizasiyasına görə ən böyük üç kriptovalyuta - bitkoin (BTC), "Ethereum" (ETH) və "Ripple"dır (XRP).

Bitkoinin qiyməti 101 917 ABŞ dolları, bazar kapitalizasiyası 2 trilyon ABŞ dolları təşkil edir. Bazar kapitalizasiyası 456,2 milyard ABŞ dolları olan ETH-in qiyməti 3 916 ABŞ dollarıdır, XRP kriptovalyutasının dəyəri isə 2 408 ABŞ dolları, bazar kapitalizasiyası 150 milyard ABŞ dollarına çatıb.

Bitkoinin gələcəyi haqqında dəqiq proqnoz vermək mümkün olmasa da, onun hələ də olduqca volatil aktiv olaraq qalacağı ehtimal olunur və qısamüddətli enişlər mümkündür. Hesab edilir ki, ölkələrin kriptovalyutalara yönəlik tənzimləmələri bitkoinin gələcəyini formalaşdıran ən vacib amillərdən biri olacaq.

Ekspertlərin fikrincə, bitkoin ödəniş sistemlərindən maliyyə xidmətlərinə qədər bir çox sahədə istifadə edilməyə başlana bilər. "Ethereum", "Binance Coin" kimi digər kriptovalyutaların inkişafı bitkoinin üstünlüyünə təhdid ola bilər. Bitkoin artıq sadəcə spekulyasiya vasitəsi deyil, qlobal maliyyə sisteminin mühüm bir hissəsinə çevrilib. Bu transformasiya ənənəvi maliyyə sistemlərinə dərin təsir göstərəcək və yeni maliyyə nizamının yaranmasına səbəb ola bilər. Lakin investorların bitkoinə sərmayə qoymadan əvvəl riskləri diqqətlə qiymətləndirmələri və peşəkar məsləhət almaları vacibdir.

Son xəbərlər

Orphus sistemi