“Qazprombank”: “Azərbaycan MDB-də ən yüksək beynəlxalq ehtiyatlara malik ölkələrdən biridir”

“Qazprombank”: “Azərbaycan MDB-də ən yüksək beynəlxalq ehtiyatlara malik ölkələrdən biridir” “Azərbaycan MDB məkanında ən yüksək beynəlxalq ehtiyatlara malik ölkələrdən biridir”.
Maliyyə
26 May , 2023 14:41
“Qazprombank”: “Azərbaycan MDB-də ən yüksək beynəlxalq ehtiyatlara malik ölkələrdən biridir”

“Azərbaycan MDB məkanında ən yüksək beynəlxalq ehtiyatlara malik ölkələrdən biridir”.

“Report” xəbər verir ki, bunu Rusiya “Qazprombank”ının Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) keçirilən görüşdən sonra bildirib.

Onun sözlərinə görə, Azərbaycanın xarici likvidlik mövqeyi gözlənildiyindən daha sürətlə möhkəmlənir: “2023-cü ilin birinci rübünün nəticələrinə görə, ölkənin strateji valyuta ehtiyatları 62,6 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Bu göstərici ÜDM-in 80 %-nə yaxınlaşır və 46,9 aylıq idxalı maliyyələşdirməyə kifayət edir”.

Karbohidrogen resurslarının yüksək qiymətlərinə görə isə ARDNF-nin aktivləri birinci rübdə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 18 % artaraq 53,4 milyard ABŞ dolları təşkil edib. Bu göstərici tarixi rekorddur baxmayaraq ki, Neft Fondu bu il dövlət büdcəsinə 11,3 milyard manat (6,6 milyard ABŞ dolları) məbləğində maliyyə vəsaiti köçürməlidir.

G.Xaydarşina hesab edir ki, artan xarici risklər fonunda Dövlət Neft Fondunun aktivlərinin əhəmiyyətli dərəcədə artmasına 2 amil kömək edib: enerji resurslarının qiymətlərinin cəlbedici səviyyədə qalması Asiyada tələbatın bərpası fonunda ARDNF-nin vəsaitlərinin artırılmasına töhfə verib (I rübdə “Brent” markalı neftin orta qiyməti 1 barel üçün 82,1 ABŞ dolları təşkil edib, bu isə dövlət büdcəsində müəyyən edilmiş neftin qiymətindən 1,6 dəfə çoxdur); valyuta bazarında tarazlığın davam etməsi fonunda həftəlik hərraclarda ARDNF-nin satışları illik göstəricidə 42,8 % azalıb.

“Xarici böhran amillərinə baxmayaraq, Neft Fondu beynəlxalq ehtiyatların idarə olunmasında konservativ yanaşmaya riayət edir. Neft və təbii qaz gəlirləri ARDNF-ə köçürülür. Bunun təxminən 50 %-i transfer şəklində büdcəyə köçürülür, 50 %-i isə suveren fondda saxlanılır”, - bankın baş iqtisadçısı bildirib.

Onun sözlərinə görə, Dövlət Neft Fondu əsasən borc alətlərindən (birinci rübün sonunda 61 % təşkil edib) ibarət investisiya portfelinin formalaşmasında konservativ yanaşmanın tərəfdarıdır. ARDNF həmçinin səhmlərə (21,1 %), qızıla (12,1 %) və daşınmaz əmlaka (5,7 %) investisiya qoyur. Valyuta risklərini minimuma endirmək üçün Dövlət Neft Fondu təkcə müxtəlif alətlərdən istifadə etmir, həm də valyutalar üzrə müəyyən edilmiş limitlərə uyğun vəsaitlərini idarə edir. ARDNF-nin investisiyalarının təxminən 70 %-i ABŞ dolları, 20 %-i avro, 5 %-i funt sterlinq, təxminən 5 %-i isə digər valyutalarda ifadə olunub.

Son xəbərlər

Orphus sistemi