“Muğan Bank” bu ilin 9 ayını mənfəətlə başa vurub

Maliyyə
  • 26 oktyabr, 2021
  • 13:24
“Muğan Bank” bu ilin 9 ayını mənfəətlə başa vurub

“Muğan Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 602 min manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 1,881 milyon manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, 9 ay ərzində “Muğan Bank”ın gəlirləri 42,406 milyon manat (illik müqayisədə 25,6% çox), xərcləri 42,799 milyon manat (21,1% çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 995 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Muğan Bank”ın aktivləri 643,93 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,4% çoxdur. Bunun 372,647 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 14,2% böyüyüb.

Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 19,1% artaraq 551,802 milyon manata, o cümlədən depozit portfeli 31,3% artaraq 307,784 milyon manata, balans kapitalı isə 8,6% artaraq 92,128 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,9% artaraq 107,5 milyon manata çatıb.

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun səhmlərinin 67,74%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 11,85%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 10,65%-i Vəfa Əhməd qızı Vəliyevaya, 10,03%-isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.