Moody's: “Bank of Baku”nun sürətlə böyüyən kredit portfeli və biznes modelinə görə aktivləri üzrə risk yüksək olaraq qalır”

Maliyyə
  • 09 avqust, 2023
  • 12:48
Moody's: “Bank of Baku”nun sürətlə böyüyən kredit portfeli və biznes modelinə görə aktivləri üzrə risk yüksək olaraq qalır”

Əlverişli iqtisadi şərait və kredit portfelinin sürətli artımının davam etməsi fonunda yaxın 12-18 ay ərzində “Bank of Baku” ASC-də problemli kreditlərin payı 3-4 %-i ötməyəcək.

"Report" xəbər verir ki, bu barədə “Moody's Investors Service” beynəlxalq reytinq agentliyinin bank depozitlərinin milli və xarici valyutada uzunmüddətli reytinqlərinin "B2" səviyyəsində təsdiqlənməsi ilə bağlı hesabatında deyilir. Reytinqlər üzrə proqnoz “sabit”dən “müsbətə” dəyişdirilib.

“Son bir neçə ildə bank restrukturizasiya olunmuş kredit portfeli üzrə borcların yığımı və silinməsi hesabına problemli kreditlərinin payını xeyli azaldıb. Nəticədə problemli kredit əmsalı 2020-ci ilin sonundakı 8 %-dən 2022-ci ilin sonunda 2,6 %-ə enib. Eyni zamanda, 2022-ci ilin sonunda problemli kreditlərin ödənilməsi əmsalı yüksələrək 92 % olub”, - hesabatda qeyd edilib.

Reytinq agentliyi hesab edir ki, bankın əsas etibarilə təminatsız istehlak kreditləşməsinə yönəlmiş biznes modelinin və bankın sürətlə böyüyən kredit portfelinin münasib vaxtda həyata keçirilməməsi səbəbindən ümumi aktivlərlə bağlı riski yüksək olaraq qalır: “Bankın kredit reytinqinin və korrektə edilmiş kredit reytinqinin "b2" səviyyəsində və uzunmüddətli bank depozit reytinqlərinin "B2" səviyyəsində təsdiqlənməsi pandemiya və karantin şəraitində kredit portfelinin keyfiyyətinin və gəlirliliyinin yaxşılaşdırılmasını göstərir. Üstəlik, bu, növbəti 12-18 ay ərzində bankın müstəqil kredit qabiliyyətində gözlənilən yaxşılaşmanı əks etdirir. Bankın uzunmüddətli depozit reytinqləri üzrə "müsbət" proqnozu “Moody's”in proqnoz dövrü ərzində bankın bu irəliləyişləri davam etdirmək üçün doğru mövqedə olduğuna dair gözləntilərini göstərir” , - agentliyin analitikləri bildirir.

2022-ci ildə “Bank of Baku” 40,1 milyon manat xalis mənfəət əldə edib. Bu, 2022-ci ildə 5,8 %-lik maddi aktivlər üzrə çox yüksək rentabelliklə nəticələnib. 2021-ci ildə bu göstərici 6,4 % olub.

“Bu nəticə daha çox onun sağlam kredit portfeli üzrə xalis faiz gəlirinin 2021-ci ildəki 43,7 milyon manatdan 2022-ci ildə 64,9 milyon manata yüksəlməsi ilə bağlı olub. Bundan başqa, onun restrukturizasiya olunmuş kredit portfeli üzrə mümkün kredit itkilərə qarşı 2022-ci ildə 24,7 milyon manat səviyyəsində ehtiyatlar yaradılıb və bu, bankın vergidən əvvəlki gəlirinin yarısını təşkil edib”, hesabatda deyilir.

“Moody's” yaxın 12-18 ayda ehtiyatların əhəmiyyətli dərəcədə azalacağını gözləyir və bu da cari gəlirin artması ilə kompensasiya edilməlidir: “Bunun əldə edilməsi 2023-2024-cü illərdə maddi aktivlər üzrə güclü gəlirlərə gətirib çıxaracaq”.

Reytinq agentliyi hesab edir ki, yüksək kapital adekvatlığı bankın kredit qabiliyyətinin əsas güclü tərəflərindən biri olaraq qalır və bu, aktivlərin keyfiyyətinin pisləşməsinə qarşı qorunmanı təmin edir.

2022-ci ilin sonunda “Bank of Baku” məlumat verib ki, bankın maddi məcmu kapitalının risklə ölçülmüş aktivlərə nisbəti keçən il kredit portfelində 47 % artımdan sonra 2021-ci ilin sonundakı 21,2 % ilə müqayisədə 18,1 % təşkil edir.

“Moody's” çox da böyük olmayan “likvidlik yastığı”nı və bankın maliyyələşdirmə xərclərinə əsas diqqət yetirilməsini nəzərə alaraq, növbəti 12-18 ay ərzində kredit portfelində cüzi artım gözləyir. “Moody's” mərkəzi ssenarisində bankın maddi məcmu kapitalının risklə ölçülmüş aktivlərə nisbəti 2024-cü ilin sonuna kimi 16-17 %-ə qədər azalacaq.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.