“MONEYVAL” Azərbaycanın pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemini müsbət dəyərləndirib
- 06 dekabr, 2018
- 08:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 dekabr. REPORT.AZ/ Cari ilin 5 dekabr tarixində Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində IV mərhələdə qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənilib.
Azərbaycan Maliyyə Monitorinqi Xidmətindən “Report”a verilən məlumata görə, müzakirələrin nəticələrinə uyğun olaraq qəbul olunmuş qərarda IV mərhələ çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 40+9 Tövsiyəsinin, o cümlədən “MONEYVAL”ın onlardan irəli gələn tövsiyələrinin Azərbaycan Respublikası tərəfindən müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd edilib.
Həmçinin, ölkədə bu sahədə aparılmış islahatlar yüksək dəyərləndirilib, hüquqi bazanın təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətlər xüsusi olaraq vurğulanıb. Bununla da, Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemi beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilib.