Bu gün Böyük Britaniyanın “Astra Zeneca” əczaçılıq şirkətinin təqdim etdiyi koronavirusa qarşı peyvəndin orta hesabla 70 faizliki səmərəli olmasına dair xəbərlərdən sonra Avropa fond bazarlarında yüksəliş yaşanır.
“Report” xəbər verir ki, Böyük Britaniyanın “FTSE 100” indeksi 0,4 faiz artaraq 6.337,1 bəndə, Fransanın “CAC 40” indeksi 0,88 faiz artaraq 5544,39 bəndə, Almaniyanın DAX indeksi isə 1,09 faiz artaraq 13 280,8 bəndə çatıb.
Həmçinin avrozonada sənaye və xidmət sahələrindəki işgüzar fəaliyyəti əks etdirən PMİ indeksinin oktyabr ayındakı 50 bənddən cari ayda son 6 ayın minimum həddi olan 45,1 bəndə endiyi də bildirilir.
“Yeni dərmanların çıxdığı, pandemiyanın iqtisadi fəsadlarının isə getdikcə səngiyəcəyi nəzərə alınsa, mərkəzi banklar və hökumətlər bizə böyük dəstək verməyə davam edəcəklər. Belə bir müvazinət də xeyli iqtisadi artıma təkan verəcək”, - deyə “CMC Markets”in eksperti Maykl Makkarti “Reuters”ə bildirib.