"Invest-AZ"da “Heydər Əliyev İli” çərçivəsində mühüm tədbir keçirilib

Maliyyə
  • 24 iyun, 2023
  • 12:00
Invest-AZda “Heydər Əliyev İli” çərçivəsində mühüm tədbir keçirilib

İyunun 23-də "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin yeni ofisində “Yeni yatırımlarla birgə inkişaf edək” adlı tədbir keçirilib.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Əli Əhmədov, Milli Məclisin deputatları, ölkənin ən iri şirkətlərinin rəhbər nümayəndələri, investisiya şirkətləri, "Bakı Fond Birjası" QSC (BFB) və Milli Depozit Mərkəzinin nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında dövlət himni səsləndirilib və Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş qısametrajlı film təqdim edilib. Məlum olduğu kimi, ölkə prezidentinin sərəncamına əsasən, 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Ulu Öndərin ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün həyata keçirdiyi islahatlar, ölkənin sosial-iqtisadi, elmi-texniki potensialından istifadə edilməsi istiqamətində gördüyü işlərdən bəhs olunub. Daha sonra bu məqsədlə “Heydər Əliyev 100 il guşəsi”nin açılışı həyata keçirilib.

İki istiqamətdə keçirilmiş tədbirin birinci istiqaməti “Heydər Əliyev - 100 il və iqtisadi islahatlar irsi” mövzusuna həsr olunub.

Tədbiri giriş sözü ilə açan "Invest-AZ"ın rəhbəri Elşən Quliyev sözügedən mövzunun müzakirəsinin iqtisadi proseslərə mühüm təkan verəcəyini deyib: "AMB-nin notları var və onlar uzun illərdir ki, dövriyyədədir. Bu notların ən böyük özəlliyi odur ki, likvid alətdir və BFB-də satılır. Notlar üzrə ödənişləri alınan gündən keçən günlərin sayına görə müvafiq olaraq AMB gəliri ilə birlikdə ödəyir. Bu il aprel ayından etibarən AMB ilk dəfə bu notları həm də, hüquqi şəxslərə likvid alətlərdən istifadə etməklə satışına icazə verib. İstənilən hüquqi şəxs bizim kimi investisiya şirkətlərində hesab açmaqla alqı-satqı həyata keçirə bilər. AMB öz növbəsində investisiya şirkətlərindən bu məhsulun geniş tanıtımını istəyib. Məhz bu zərurətdən biz bu gün bu tədbiri həyata keçiririk. Bu bizim yeni ofisimizdir, imkanlarımız genişdir. Yeni ofisimizdə “Heydər Əliyev 100 il guşəsi”ni yaratmaqda məqsədimiz Ulu Öndərin əziz xatirəsinin daim yad edilməsi, onun ölkəmizin davamlı iqtisadi inkişafına verdiyi töhfənin hər zaman xatirimizdə yaşatmaqdan ibarətdir".

S.Məmmədov isə H.Əliyevin 100 illiyinə həsr olunmuş tədbirin mühüm əhəmiyyətə malik olduğunu deyib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük savaşda qazandığımız qələbə bu baxımdan mühüm əhəmiyyətə malikdir. Mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, eyni zamanda, qazilərimizə şəfa diləyirəm. Bu gün dövlətimiz onlara hərtərəfli qayğı göstərir. Bu qələbə bizə Qarabağamızı qaytardı. Bu gün Qarabağda gedən sürətli yenidənqurma işləri bütövlükdə ölkə iqtisadiyyatına mühüm töhfə verməkdədir. Burada, eyni zamanda, özəl şirkətlərin rəhbərləri iştirak edirlər, hesab edirik ki, bu kommunikasiya üçün gözəl imkanlar yaradır".

Daha sonra millət vəkili Rüfət Quliyev çıxış edərək Ulu Öndərin gəlişinə qədər ölkə iqtisadiyyatının iflic vəziyyətdə olduğunu deyib: "Ümummilli Lider xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdandan sonra ölkəmizin iqtisadiyyatı yeni mərhələyə qədəm qoydu. O zaman dövlət büdcəsi 200 milyon ABŞ dollarını keçə bilmirdi. İndi isə bu rəqəm 20 milyard ABŞ dollarından çoxdur. Bu həm də əsası Ulu Öndərin qoyduğu iqtisadi siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini göstərir".

Daha sonra tədbir ikinci mövzu üzrə öz işini davam etdirib. “AMB-nin emissiya etdiyi notlara fərqli investisiya baxışı” adlı mövzusu üzrə müzakirələr keçirilib.

AMB-nin təşəbbüsü ilə bu ilin aprel ayından başlayaraq qurumun notlarının müəyyən parametrlərə uyğun gələn hüquqi şəxslərə satışına ilk dəfə icazə verilib. "InvestAZ" bu təşəbbüsü yüksək həvəslə dəstəkləyir və bununla da investor bazasının genişləndirilməsi ideyasını inkişaf etdirmək istəyir. Bu yeni imkan AMB-nin likvidliyin effektiv idarə olunmasında rolunu artırmaqla yanaşı, hüquqi şəxslərə də yeni investisiya alətlərinə yatırım fürsətləri təqdim etməkdədir.

44 - Tezliklə