Hesablama Palatası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi üzrə rəyi təsdiqləyib
- 15 dekabr, 2025
- 12:23
Hesablama Palatası Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsi üzrə rəyi təsdiqləyib.
"Report" xəbər verir ki, bu rəy Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən növbəti Kollegiya iclasında təsdiqlənib.
Bildirilib ki, rəydə gəlir və xərc istiqamətləri üzrə proqnozlaşdırılmış məbləğlərin əsaslılığı, büdcə layihəsinin, o cümlədən növbəti ildə Fond tərəfindən həyata keçiriləcək investisiya siyasətinin hüquqi aktlara uyğunluğu araşdırılıb. Rəyin sonunda aparılmış təhlillər əsasında tövsiyələr verilib.
Müzakirələrin nəticəsində rəyin təsdiq edilməsi və aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilib.
Kollegiya iclasında, həmçinin "Hesablama Palatasının 2026-cı il üçün İş planının layihəsi" müzakirə edilib. İş Planında kənar dövlət maliyyə nəzarəti tədbirləri və digər fəaliyyətlər əks olunub. Müzakirələrin nəticəsində İş Planının təsdiq edilməsi barədə qərar qəbul olunub.
Maliyyə Nazirliyinin açıqladığı proqnozlara əsasən, 2026-cı ildə ARDNF-nin büdcə gəlirlərinin 13 milyard 32,3 milyon manat (2025-ci illə müqayisədə 9,8 % az), büdcə xərclərinin isə 12 milyard 974,1 milyon manat (-11,1 %) olması proqnozlaşdırılır.
2026-cı ilin büdcə zərfinin layihəsinə əsasən, gələn il Fondun xərclərinin 12 milyard 835 milyon manatını dövlət büdcəsinə transfert, 7,1 milyon manatını "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın, 99,2 milyon manatını "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı"nın və 32,8 milyon manatını "Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" ölkə Prezidentinin 22 iyul 2025-ci il tarixli sərəncamına əsasən beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsinin maliyyə təminatı ilə bağlı xərclər təşkil edəcək.