"Express Bank" ASC bu ilin I rübünü 5,9 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki Bank ötən ilin eyni dövründən 1,3 milyon manat mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, yanvar-mart aylarında "Express Bank"ın gəlirləri 13,9 milyon manat (illik müqayisədə 8,2% çox), xərcləri 10,9 milyon manat (1,4% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 2,9 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 27 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.
Bu il aprelin 1-nə "Express Bank"ın aktivləri 351,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,9% çoxdur. Bunun 219,5 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 1,2% böyüyüb.
Hesabat dövründə "Express Bank"ın öhdəlikləri 14,5% artaraq 230,7 milyon manata çatıb, o cümlədən depozit portfeli 4,8% azalaraq 147,9 milyon manata düşüb, balans kapitalı isə 0,2% azalaraq 120,6 milyon manat, o cümlədən nizamnamə kapitalı 18% azalaraq 112,5 milyon manat olub.
Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Bankın səhmlərinin 48,8%-i “Azenco Group”a, 21,6%-i “Enerqoservis” MMC-yə, 19,5%-i Hikmət Xammədova, 9,8%-i Hafiz Seyidova, 0,3%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.