Eldar Abdullayev: “IPO etmək istəyən şirkətlər var"
- 28 dekabr, 2021
- 13:38
"Bu il bizə səhmlərini IPO (Initial Public Offering - Ilkin Kütləvi Tədüvül) etmək istəyən şirkətlər müraciət edib".
Bunu “Report”a açıqlamasında "Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev deyib.
Bununla belə, onun sözlərinə görə, bu məsələnin reallaşması elə də asan deyil.
"Təbii ki, biz şirkətlərə tövsiyə edirik ki, Birjanın platformasından istifadə edərək səhmlərini yerləşdirsinlər. Amma IPO üçün tələb formalaşmalıdır. Əgər təşkilatların kapitala ehtiyacı yoxdursa, orada IPO olmayacaq. İnvestorlar da hər şirkətə vəsait qoymur, riski ölçür. Ona görə də IPO üçün hazır şirkət olmalıdır. Əminəm ki, 2022-ci ildə belə şirkətləri görəcəyik. Hazırda IPO ilə bağlı impulslar var. Amma bu elə bir şeydir ki, onda investor maraqlı olmalıdır. BFB olaraq biz dəstək verməyə hazırıq. Sözsüz ki, IPO ilə bağlı BFB-nin məsləhət proqramına müraciət edənlər var və biz ödənişsiz onlara kömək edirik”, - deyə E.Abdullayev qeyd edib.