Azərbaycan Mərkəzi Bankı, "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair Memorandum” çərçivəsində keçirilmiş sorğunun yekun nəticələri açıqlanıb.
“Report”un ASA-ya istinadən verdiyi məlumata görə, 2 150 respondent arasında keçirilmiş sorğu nəticələrindən aydın olub ki, əhalinin 19 %-i, biznes subyektlərinin isə 12 %-i məhz həmin il hər hansı bir sığorta hadisəsi baş vermədiyi üçün sığorta müqaviləsini yeniləmir.
Sorğu çərçivəsində əldə olunmuş digər bir məlumata görə, əhalinin 37 %-i, biznes subyektlərinin isə 47 %-i sığorta xidmətlərini əmlak sığortasına görə, əhalinin 35 %-i, biznes subyektlərinin isə 48 %-i avtomobil sığortasına görə tanıdığını bildirib.
Sorğu nəticəsindən məlum olub ki, əhalinin 43 %-i, biznes subyektlərinin isə 71 %-i sığorta xidmətlərindən aktiv olaraq yararlanır.
Respondentlər arasında əhalinin 63 %-inin, biznes subyektlərinin isə 61 %-inin sığorta ilə bağlı hər hansı neqativ halla rastlaşmadığı ortaya çıxıb.
Sorğu nəticələrinə görə, sığorta ilə bağlı məlumatları respondentlərdən əhalinin 45 %-i, biznes subyektlərinin isə 36 %-i televiziya kanallarından, yenə əhalinin 25 %-i, biznes subyektlərinin isə 32 %-i internet portalları və xəbər saytlarından əldə etdikləri məlum olub.