EBRD ilk dəfə özəl bank vasitəsilə Azərbaycanda "yaşıl iqtisadiyyata" keçidi dəstəkləyəcək

Maliyyə
  • 02 iyul, 2024
  • 16:15
EBRD ilk dəfə özəl bank vasitəsilə Azərbaycanda yaşıl iqtisadiyyata keçidi dəstəkləyəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın ASC "Bank Respublika" üçün Maliyyə Vasitəçiləri Proqramı (FIF) çərçivəsində 7,5 milyon ABŞ dolları (6,9 milyon avro ekvivalenti) məbləğində yüksək təminatsız kreditin ayrılmasını təsdiqləyib.

"Report"un EBRD-yə istinadən verdiyi məlumata görə, kredit Azərbaycanda özəl mikro, kiçik və orta müəssisələrin (MKOM) maliyyələşdirilməsini dəstəkləyəcək və bankın yerli valyutada ortamüddətli maliyyələşdirmə bazasını genişləndirəcək, Azərbaycanın strategiyasında müəyyən edilmiş prioritetlərə uyğun olaraq kəskin boşluqları aradan qaldıracaq, o cümlədən kifayət qədər xidmət göstərilməyən seqmentləri əhatə edəcək.

MKOM-lara verilən iki əvvəlki kreditin uğurla istifadəsindən sonra yeni kredit onun məbləğinin 50 %-i həcmində GET ("yaşıl iqtisadiyyata" keçid) komponenti ilə ilk kredit olacaq.

Məlumata görə, EBRD iqlim, ətraf mühit, sosial və idarəetmə (ESG) standartları və ya iqlim və ESG ilə əlaqəli risk faktorları kimi aspektləri maliyyələşdirmə strukturuna inteqrasiya edən innovativ yaşıl maliyyələşdirmə aləti təklif edir. EBRD həmçinin digər banklarda mövcud olmayan kommersiya şərtləri ilə innovativ maliyyələşdirmə strukturu (risk bölgüsü) təklif edir.

Layihə Avropa Dayanıqlı İnkişaf Fondu (EFSD) Plus proqramından zəmanət formasında (EBRD-nin xeyrinə 17 % həcmində xalis ilk zərər riskinin örtülməsi) faydalanacaq.

Qeyd edək ki, "Bank Respublika" ASC Azərbaycanda orta ölçülü özəl bankdır, 2023-cü ilin nəticələrinə görə aktivlər və əmanətlər üzrə 21 özəl bank arasında 4-cü yeri (və ya bütün 23 bank arasında 5-ci yeri) tutur, müvafiq olaraq təxminən 4,3 % və 4,2 % bazar payına malikdir. Bankın 32 filial və 3 şöbədən ibarət şəbəkəsi və təxminən 1 600 əməkdaşı var. "Moody's" beynəlxalq reytinq agentliyi 2023-cü ilin avqustunda bankın reytinqini "B3"dən "B2"ə (stabil proqnoz)yüksəldib.

44 filmi