EBRD Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payını kəskin artırıb
- 22 noyabr, 2023
- 05:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu günə qədər Azərbaycanda 189 layihəyə ümumilikdə 3,751 milyard avro investisiya yatırıb.
“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.
Noyabrın 1-nə bankın açıqladığı göstəricilərə nisbətən, Azərbaycanda EBRD-nin maliyyələşdirdiyi layihələrin sayı 1 ədəd, investisiya portfeli 141 milyon avro artıb.
Bu ay EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı 14 faiz bəndi artaraq 12 %-dən 26%-ə yüksəlib.
Hazırda bankın Azərbaycan üzrə portfelində 31 aktiv layihə (dəyişməyib) var. Bu layihələr üzrə portfel isə 948 milyon avro (134 milyon avro çox), əməliyyat aktivləri 714 milyon avro (20 milyon avro az), kumulyativ ödənişləri isə 3,133 milyard avro (12 milyon avro az) təşkil edib.
Dəqiqləşdirilmiş portfelə əsasən, bunun 90 %-i və yaxud 855 milyon avrosu (136 milyon avro çox) infrastruktur layihələrinin, 7 %-i və yaxud 66 milyon avrosu (1 milyon avro az) sənaye, ticarət və aqrobiznesin, 3 %-i və yaxud 28 milyon avrosu (1 milyon avro az) isə maliyyə institutlarının payına düşüb.
EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1 %-ni təşkil edib.
Azərbaycan 1992-ci ildən EBRD-nin üzvüdür.