Dünya Bankı Azərbaycanda dövlət satınalmalarında 5 problem müəyyən edib

Maliyyə
  • 11 avqust, 2022
  • 09:50
Dünya Bankı Azərbaycanda dövlət satınalmalarında 5 problem müəyyən edib

“Azərbaycanda dövlət satınalmaları ilə bağlı islahatlar fiskal şəffaflığa daha çox töhfə verə bilər, çünki illik büdcənin əhəmiyyətli hissəsi dövlət satınalmalarına sərf olunur”.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının 2022-ci il üçün “Azərbaycanın Sistematik Diaqnostikası” adlı hesabatında deyilir.

“Rəsmi məlumatlara əsasən, 2020-ci ildə Azərbaycanda dövlət satınalma müqavilələrinə 6,6 milyard manat dövlət vəsaiti xərclənib. Bu da dövlət xərclərinin təxminən 25 %-ni təşkil edir (2020-ci il üçün təsdiq edilmiş dövlət büdcəsi 26,4 milyard manat idi). 2018-ci ildə satınalmaların planlaşdırılması ilə büdcə prosesi arasında əlaqəni gücləndirmək məqsədilə “Dövlət satınalmaları haqqında” Qanuna dəyişiklik edilib və elektron satınalmalar və satınalma işçiləri üçün davranış kodeksi tətbiq olunub.

Qanunun icrası ilə məşğul olan Azərbaycan Dövlət Satınalmaları üzrə Agentlik 2016-cı ilin yanvarında ləğv edilib. Buna görə də o vaxtdan onun icrasına nəzarəti İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir”, - hesabatda qeyd olunub.

Bununla belə, Dünya Bankı bu sahədə problemlərin olduğunu bildirib: “(1) bir mənbədən çoxlu sayda birbaşa müqavilələrin bağlanması, (2) açıq tenderlərin qiymətləndirilməsi zamanı hərraclarda çoxlu sayda uduzan tərəflərin olması, (3) mövcud elektron satınalma sistemində məhdudiyyətlər və çevikliyinin olmaması, (4) lazımi ictimai nəzarətin və satınalma ilə bağlı məlumatlara çıxışın olmaması və (5) dövlət satınalmaları üzrə ekspertlərin peşəkarlığının artırılması zərurəti”.

Hesabatda qeyd olunub ki, “COVID-19" pandemiyası birbaşa müqavilələrin artmasına səbəb olub: “Dövlət satınalmaları haqqında” yeni qanun hazırlanıb. O, baxılması və təsdiq edilməsi üçün Azərbaycan Nazirlər Kabinetinə təqdim olunub”.