“Bank Respublika”nın yeni istiqrazlarına 8 investor maraq göstərib
- 18 fevral, 2022
- 12:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) “Bank Respublika” ASC-nin 15 milyon manatlıq yeni faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə sözügedən istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 15 000 ədəd istiqrazdan gedir.
Hərraca 8 investor ümumi məbləği 17,283 milyon manat olan 8 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib. Qiymətli kağızlar 24 ay müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 8,5%-dir. Faizlər 6 aydan bir ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb. Fiziki şəxslər istiqrazlar üzrə onlara ödənilən faizlərdən (kupon) vergi ödəməyəcəklər. Hüquqi şəxslər isə əldə etdikləri faizlərin 10%-i qədər vergi ödəməli olacaqlar.