"Bank BTB”nin mənfəəti 3 dəfəyə yaxın artıb

Maliyyə
  • 21 oktyabr, 2021
  • 07:23
Bank BTB”nin mənfəəti 3 dəfəyə yaxın artıb

"Bank BTB” ASC bu ilin yanvar-sentyabr aylarını 1,174 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,7 dəfə çoxdur.

9 ay ərzində "Bank BTB”nın gəlirləri 22,395 milyon manat (illik müqayisədə 2,4% az), xərcləri 22,332 milyon manat (3,7% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 1,111 milyon manat (1 il əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə "Bank BTB”nin aktivləri 363,503 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,2% çoxdur. Bunun 246,936 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,3% böyüyüb.

Hesabat dövründə "Bank BTB”nin öhdəlikləri 5,7% artaraq 307,823 milyon manata, o cümlədən depozit portfeli 14% artaraq 144,781 milyon manata çatıb, balans kapitalı isə 13,9 % azalaraq 55,68 milyon manata düşüb.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.