“Azsığorta” ötən ili zərərlə başa vurub
- 29 mart, 2023
- 05:03
“Azsığorta” ASC 2022-ci ili 2,001 milyon manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2021-ci ildən 758 min manat xalis mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “Azsığorta”nın gəlirləri 14,526 milyon manat (əvvəlki ilə nisbətən 13,3 % az), xərcləri 17,054 milyon manat (7,8 % çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 527 min manat (2,8 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Azsığorta”nın aktivləri 34,578 milyon manat olub ki, bu da illik müqayisədə 9,2 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 6,2 % azalaraq 19,021 milyon manata, balans kapitalı isə 12,6 % azalaraq 15,557 milyon manata düşüb.
Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Şirkətin səhmləri 100 % Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64 %-lik, "Bank of Baku" ASC-nin isə 31,11 %-lik səhmdarı) məxsusdur.