2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 37,2 milyard manatlıq, o cümlədən 20,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 %, qeyri-ərzaq malları üzrə 5,5 % artıb.
8 ay ərzində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,8 %-i ərzaq məhsullarının, 4,5 %-i içkilər və tütün məmulatlarının, 13 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 %-i avtomobil benzini və dizel yanacağının, 4,9 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı malların dəyəri 1 il əvvələ nisbətən real ifadədə 3,5 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib.
2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 2024-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,1 %, fərdi sahibkarlar üzrə 0,4 %, bazar və yarmarkalarda 2,2 % artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 456,1 manatlıq, o cümlədən 252,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 203,9 manatlıq qeyri-ərzaq malları alıb.