Azərbaycanın neft-qaz ixracından qazancı 2,2 dəfə artıb
- 11 iyun, 2022
- 10:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə əmtəə ixracı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 8,1 milyard ABŞ dollarına çatıb.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın bahalaşması səbəbindən neft-qaz sektoru üzrə ixracın həcmi 2,2 dəfə artaraq 7,4 milyard ABŞ dolları olub.
İxrac olunmuş neft-qaz məhsullarının (7,4 milyard ABŞ dolları) 3,8 milyard ABŞ dolları xam neftin, 3,5 milyard ABŞ dolları təbii qazın, 0,1 milyard ABŞ dolları isə neft emalı məhsullarının payına düşür. 2022-ci ilin I rübü üzrə qeyri-neft ixracı 54,7 % artaraq 0,7 milyard ABŞ dolları olub.
I rübdə əmtəə idxalı 16,8 % artaraq 2,7 milyard ABŞ dolları təşkil edib, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 1,2 milyard ABŞ dolları olub, bunun da 433 milyon ABŞ dolları ərzaq məhsullarının payına düşür.
Qeyri-neft sektoru üzrə idxal 24,2 % artaraq 2,3 milyard ABŞ dolları olub. Qeyri-neft idxalının strukturunda metalların (93,1 %), kağız məmulatlarının (57,9 %), əczaçılıq məhsullarının (44,3 %), kərə yağının (30 %), dənli bitkilərin (29,4 %), ətir və kosmetik vasitələrinin (26,4 %), gəmilər, qayıqlar və üzən konstruksiyaların (19,8 %), mebel məhsullarının (17 %), ağac məmulatlarının (15,6 %), minik avtomobillərinin (12,1 %), daş və şüşə məmulatlarının (10,4 %), tərəvəz məhsullarının (5 %), bitki yağlarının (1,8 %), alkoqollu və alkoqolsuz içkilərinin (0,2 %) idxalı artıb. Bu dövrdə uçuş aparatlarının (80,1 %), dəmiryol nəqliyyat vasitələrinin (78,8 %), tütün məhsullarının (35,1 %), qazanlar, avadanlıq və mexaniki qurğuların (17,5 %), şəkərin (10,7 %) idxalı isə azalıb.
İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 4,5 % təşkil edərək 121 milyon ABŞ dolları olub.