Azərbaycanın maliyyə sektoru bu il 7 % böyüyüb

Maliyyə
  • 15 oktyabr, 2026
  • 11:19
Azərbaycanın maliyyə sektoru bu il 7 % böyüyüb

Bu ilin I yarısında Azərbaycanın maliyyə sektorunun aktivləri 7 % artaraq 64,9 milyard manata çatıb ki, bu da ümumi daxili məhsulun (ÜDM) 50 %-i deməkdir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

"Maliyyə sektorunun aktivlərinin qeyri-neft-qaz ÜDM-nə nisbəti isə 71 % təşkil edir. Yanvar-iyun aylarında sektorun bütün seqmentləri üzrə artım müşahidə olunub. Bununla belə, əsas komponent yenə bank sektorudur. Bankların aktivləri ümumi aktivlərin 94 %-ni təşkil edir, - deyə o qeyd edib.

A.Həsənonun sözlərinə görə, hesabat dövründə beynəlxalq konyuktur Azərbaycan üçün əlverişli olub, xarici ticarətdə müsbət saldo davam edib, ölkənin strateji valyuta ehtiyatları artıb: "AMB isə öz növbəsində həyata keçirdiyi pul siyasəti, eləcə də makroprudensial siyasət ilə iqtisadiyyatın davamlılığını və maliyyə sabitliyinin qorunmasını dəstəkləyib".