Azərbaycanda fəaliyyət göstərən əksər banklar Rusiyaya məxsus “Contact” və “Zolotaya Korona” pulköçürmə sistemləri üzərindən əməliyyatları dayandırıblar.
"Report"un əldə etdiyi məlumata görə, hazırda banklar rublla nağd və nağdsız əməliyyatlar həyata keçirmir.
Son nəticədə Rusiyadan Azərbaycana və əks istiqamətdə pul köçürmələri digər xarici valyutalarda yerinə yetirilir.
Bundan başqa, banklarda rublla olan hesablara mədaxilə və rublla olan hesablardan məxaricə də məhdudiyyət tətbiq olunub. Rublda olan bir hesabdan digər hesaba pul köçürmələri üçün isə maksimal hədd tətbiq edilib.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bir sıra Qərb ölkələri 1-ciyə qarşı sanksiyalar tətbiq edib. Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin “ABŞ və onlara qoşulan ölkələrin qeyri-dost hərəkətləri ilə əlaqədar xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” fərman imzalayıb. Fərmana əsasən, bu gündən Rusiya rezidentlərinin xarici banklardakı hesablara pul köçürməsi qadağan olunub.
Bununla belə, "Zolotaya Korona" pul köçürmələri xidmətinin direktoru İvan Sitnov “Report”a ekskluziv açıqlamasında deyib ki, transferlərdə hər hansı dəyişiklik yoxdur: "Zolotaya Korona” Azərbaycanda həmişəki kimi işləyir, biz oradakı tərəfdaşlarımızla daimi dialoqdayıq. Bütün ödənişlər müntəzəm olaraq istənilən valyuta üzrə həyata keçirilir".