Bu il iyunun 1-nə Azərbaycan banklarının kredit qoyuluşu 15 067,1 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,5%, ilin əvvəlinə nisbətən 3,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2% çoxdur.
Kredit qoyuluşunun 11 819,1 milyon manatı və yaxud 78,4%-i özəl bankların payına düşüb. Bu, illik müqayisədə 0,2% çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 872,3 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 11,7% çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 17,4%-dən 19,1%-ə qalxıb.
Mayın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 375,7 milyon manat olub. Bu isə illik müqayisədə 7,2% azdır. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,7%-dən 2,5%-ə düşüb.