Azərbaycanın cari əməliyyatlar balansının qalığı 6 dəfədən çox artıb

Maliyyə
  • 10 iyun, 2022
  • 06:30
Azərbaycanın cari əməliyyatlar balansının qalığı 6 dəfədən çox artıb

Bu ilin I rübündə Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 3 milyard 952,7 milyon ABŞ dolları məbləğində qalıq yaranıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 dəfə çoxdur.

Ümumi qalıq xarici ticarət balansındakı 5 milyard 447 milyon ABŞ dollarlıq qalıq (3,5 dəfə çox), xidmətlər balansındakı 627,5 milyon ABŞ dollarlıq kəsir (23,3 % az), ilkin gəlirlər balansındakı 961,8 milyon ABŞ dollarlıq kəsir (4,8 dəfə çox) və təkrar gəlirlər balansındakı 95 milyon ABŞ dollarlıq qalıq (2,3 % az) hesabına formalaşıb.

“Bu ilin I rübündə üzrə CƏB üzrə profisit ümumi daxili məhsulun (ÜDM) dəyərinin 22,4 %-ni təşkil edib. Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2,9 dəfə artaraq 5,5 milyard ABŞ dollara, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 18,2 % artaraq 1,5 milyard ABŞ dollara çatıb”, - AMB bəyan edib.