Azərbaycanda zəlzələ risklərinin qiymətləndirilməsinə həyat sığortasının daxil edilməsi təklif edilib
- 24 may, 2024
- 11:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda zəlzələ risklərinin qiymətləndirilməsi layihəsinə həyat sığortası da daxil edilməlidir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta nəzarəti departamentinin direktoru Vüsal Qurbanov Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.
“Həyat sığortasında bu çox önəmlidir. Çünki tələbat məhz bu istiqamətdə irəliləyir. Sığorta şirkətlərinin də katastrofik risklərin qarşını almaq üçün təkrarsığortaya riskləri ötürülməsində maraqları var. Bu mənada bizə sadəcə olaraq bunu proqrama daxil etmək qalır. Prioritetliyə qaldıqda, ilk öncə qeyri-həyat, sonra isə həyat sığortası proqrama daxil edilə bilər, - deyə o qeyd edib.
V. Qurbanov bu məsələnin modelləşdirməyə aid olan hissəsi olduğunu vurğulayıb: "Digər hissəsi dövlət qurumları ilə əməkdaşlıqdır. Söhbət katastrofik risklərin modelləşdirilməsi layihəsinin digər dövlət qurumları ilə birgə davam etdirməkdən gedir. Azərbaycan Mərkəzi Bankı artıq hökumət səviyyəsində bu məsələni qaldırıb və müsbət nəticələr də var. Biz sürətli şəkildə həmin yöndə irəliləyirik”.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı Türkiyənin zəlzələ risklərinin modelləşməsi üzrə ixtisaslaşan "Reasürans" şirkəti ilə əməkdaşlığa başlayıb. Layihənin məqsədi katastrofik və zəlzələ risklərinin düzgün qiymətləndirilməsi, ölçülməsi və onun doğru şəkildə tənzimləmə çərçivəsinin inkişaf etdirilməsidir. Layihənin bilavasitə icrasını "Reasürans" şirkətlər qrupuna daxil olan "T Rupt Teknoloji" tərəfədindən aparılacaq.