Azərbaycanda zəlzələ risklərinin qiymətləndirilməsi layihəsi genişləndirilə bilər
- 24 may, 2024
- 07:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankının (AMB) Türkiyənin "T Rupt Teknoloji" şirkəti ilə reallaşdırdığı zəlzələ risklərinin qiymətləndirilməsi bu ilin sonunadək yekunlaşacaq.
"Report" xəbər verir ki, bunu "T Rupt Teknoloji" şirkətinin baş direktoru Mehmet Ali Özdemir Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.
“Hazırda müəyyən mənada layihəyə start verdiyimizi də deyə bilərik. Belə ki, Azərbaycanın zəlzələ üzrə mütəxəsssisləri ilə elm adamlarımız fəaliyyətə başlayıblar. Bu prosesi daha da sürətləndirərək layihə üzərində işimizi davam etdirmək niyyətindəyik”,- deyə o qeyd edib.
Şirkətin rəhbəri bildirib ki, perspektivdə yol xəritəsinə avtomobillərin könüllü (KASKO) sığortasını da zəlzələ riskləri ilə bağlı qiymətləndirilməsi nəzərdə tutulur: “Çünki qeyri-həyat sığortasında KASKO mühüm yer tutur. Türkiyədə zəlzələlər baş verəndə avtomobillər çox böyük ziyan görüb. Bu, iki formada baş verirdi: bir tərəfdən avtomobillərin park edildiyi binaların uçması, digər tərəfdən aşan binaların ətrafdakı avtomobillərə ziyan vurması nəticəsində olurdu”.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı Türkiyənin zəlzələ risklərinin modelləşməsi üzrə ixtisaslaşan "Reasürans" şirkəti ilə əməkdaşlığa başlayıb. Layihənin məqsədi katastrofik və zəlzələ risklərinin düzgün qiymətləndirilməsi, ölçülməsi və onun doğru şəkildə tənzimləmə çərçivəsinin inkişaf etdirilməsidir. Layihənin bilavasitə icrasını "Reasürans" şirkətlər qrupuna daxil olan "T Rupt Teknoloji" tərəfədindən aparılacaq.