Azərbaycanda nağdsız ödənişlərin aparılmasında bank kartları əsas ödəniş aləti kimi istifadə olunur.
"Report" xəbərt verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmalda bildirilir.
Sənəddə həmçinin deyilir ki, ötən il koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq dünya iqtisadiyyatının həcmi daralsa da, nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artıb, təmassız texnologiyaların, elektron ticarətin istifadəsi genişlənib. Kartlarının sayında, nağdsız istifadə göstəricilərində müsbət dinamika Azərbaycanda da müşahidə olunub. Belə ki, bu iyulun 1-nə dövriyyədə olan ödəniş kartlarının sayı 10,4 milyon ədəd təşkil edib və bu kartların 52%-i təmassız ödənişləri dəstəkləyib. Ötən ilin eyni dövrü ilə müqayisədə ödəniş kartlarının sayı 16%, o cümlədən təmassız kartların sayı 2,3 dəfə artıb.
Hazırda dövriyyədə olan bank kartlarının 88%-i, yəni 9,2 milyon ədədi debet kartlar, 12%-i yəni 1,2 milyon ədədi isə kredit kartlarıdır.