Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3% artıb
- 12 noyabr, 2021
- 08:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 34,4 milyard manatlıq, o cümlədən 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
“Report” bu barədə Dövlət Statlistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 %, qeyri-ərzaq malları üzrə 3,5 % artıb.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
| Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2020-ci ilin yanvar-oktyabr aylarına nisbətən, faizlə |
| Pərakəndə ticarət dövriyyəsi | 34 433,6 | 102,9 |
| o cümlədən: | ||
| ərzaq məhsulları | 16 865,7 | 102,5 |
| içkilər və tütün məmulatları | 1 735,6 | 100,4 |
| toxuculuq məhsulları, geyim və ayaqqabılar | 5 296,5 | 101,3 |
| elektrik malları və mebellər | 1 856,8 | 101,6 |
| kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 321,2 | 127,8 |
| əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 758,6 | 136,3 |
| avtomobil benzini və dizel yanacağı | 2 078,6 | 103,4 |
| digər qeyri-ərzaq malları | 5 520,6 | 101,6 |
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49 %-i ərzaq məhsullarının, 5 %-i içkilər və tütün məmulatlarının, 15,4 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 %-i avtomobil benzini və dizel yanacağının, 5,4 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Bu ilin yanvar-oktyabr aylarında istehlak mallarının dəyər ifadəsində 27 %-i ticarət müəssisələri, 49,8 %-i fərdi sahibkarlar tərəfindən, 23,2 %-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 20,4 % artıb, fərdi sahibkarlar üzrə 3,1 %, bazar və yarmarkalarda 0,8 % azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 343,8 manatlıq, o cümlədən 185,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 158,1 manatlıq qeyri-ərzaq malları alıb.