Azərbaycanda nağdsız ödənişlərin həcmi 2,3 dəfə artıb
- 30 may, 2022
- 06:52
Bu il mayın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 11 milyon 901 min ədəd təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il mayın 1-i ilə müqayisədə 20,2 %, bu il yanvarın 1-nə nisbətən 7,8 %, aprelin 1-i ilə müqayisədə isə 1,1 % çoxdur.
O cümlədən, son 1 ildə ölkədə debet kartlarının sayı 18,8 % artaraq 10,380 milyona, kredit kartlarının sayı isə 30,7 % artaraq 1,521 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin həcmi isə müvafiq olaraq 3,929 milyon manat (illik müqayisədə 54,5 % çox) və 270 milyon manat (60,7 % çox) təşkil edib.
Aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1,659 milyard manat təşkil edib. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur.
Həyata keçirilən nağdsız ödənişlərin 1,270 milyard manatı elektron ticarətin (3,3 dəfə çox), 387 milyon manatı (24,4 % çox) POS-terminalların, 2 milyon manatı isə (21 dəfə az) ATM-lərin payına düşür.
Hesabat dövrünə ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 41,1 %-ni təşkil edib.
Mayın 1-nə bankomatların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5,9 %, POS-terminalların sayı 15,1 % artıb. Hal-hazırda bankomatların sayı 2 933 ədəd, onlardan Bakı üzrə 1 558 ədəd təşkil edir, POS-terminalların sayı isə 67 964 ədəddir (Bakı üzrə - 45 412).
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan banklarınan da əməkdaşlıq edir.