Azərbaycanda martda sahibkarlar üçün yeni bank xidməti istifadəyə veriləcək

Maliyyə
  • 25 fevral, 2022
  • 09:41
Azərbaycanda martda sahibkarlar üçün yeni bank xidməti istifadəyə veriləcək

“Banklar bu gün sürətlə rəqəmsallaşır. Bu, təkcə pərakəndə bankçılıq sahəsində deyil, həm də biznes və korporativ sahələri əhatə edir. Rəqəmsallaşma bütün müştərilər üçün geniş imkanlar yaradır. Yeri gəlmişkən, ötən ildən sahibkarlıq kateqoriyasında olan bütün müştərilərimiz artıq istənilən qeyri-kredit əməliyyatlarını rəqəmsal bankımızla həyata keçirə bilirlər”.

“Report” xəbər verir ki, bunu "Kapital Bank" ASC-nin darə Heyətinin Sədri Rövşən Allahverdiyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sahibkarların iştirakı ilə videoformatda keçirdiyi “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda forumda bildirib.

O nəzərdə tutulan yeniliklər barədə də məlumat verib: “Gələn aydan bazara "Pocket POS" xidməti təqdim edəcəyik. Bu xidmət sahibkarlara nağdsız ödənişləri qəbul etməyə imkan verəcək texnoloji tətbiqdir. Bununla sahibkarlar fiziki olaraq pos-terminal olmadan belə nağdsız ödənişləri qəbul edə biləcəklər. Müştərilərimiz cəmi bir neçə dəqiqəyə dünyanın istənilən yerindən mobil bank vasitəsilə "Kapital Bank"da hesab açıb, onu istədikləri kimi idarə edə bilirlər. Bankımızda açılmış hesablardan 80%-i məhz onlayn şəkildə idarə olunur".

Biznes sahəsində son iki ildə sürətli rəqəmsallaşma müşahidə olunduğunu deyən R.Allahverdiyev daha böyük yeniliklərlə bağlı vəd də verib: “Bu proseslərə töhfə vermək, sahibkarlığın inkişafına dəstək olmaq, bank xidmətlərini hər bir vətəndaş üçün əlçatan etmək qarşımıza qoyduğumuz əsas hədəflərdəndir. Bunun üçün gələcəkdə də iqtisadi əhəmiyyətli, Dövlət Vergi Xidməti ilə birlikdə reallaşdırdığımız “ƏDV Geri al” kimi uğurlu anoloji layihələr həyata keçirməyə qərarlıyıq”.

44 filmi