Azərbaycanda könüllü sığorta bazarı 24 %-dən çox böyüyüb
- 31 dekabr, 2022
- 08:30
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 657,639 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,3 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 313,747 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 1,9 % azdır.
Beləliklə, 2022-ci ilin yanvar-noyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 47,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin eyni dövründə 60,45 manat olub.
Xatırladaq ki, bu ilin 11 ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 875,132 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 14% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 400,953 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 6,7 % azdır.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub.