Azərbaycanda könüllü sığorta bazarı 20 % böyüyüb
- 25 iyun, 2022
- 07:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 318,065 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,1 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 90,599 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 40,2 % azdır.
Beləliklə, 2022-ci ilin yanvar-may aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 28,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-may aylarında 57,2 manat olub.
Qeyd edək ki, 5 ayda Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 426,638 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,2 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 129,033 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38 % azdır.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,2 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,3 manat olub.