Azərbaycanda islam bankçılığının tətbiqi üçün hansı addımlar atılmalıdır?

Maliyyə
  • 01 noyabr, 2021
  • 07:24
Azərbaycanda islam bankçılığının tətbiqi üçün hansı addımlar atılmalıdır?

İslam bankçılığı maliyyə əməliyyatlarının islam dininin qaydalarına uyğun aparıldığı bir iqtisadi sistemdir. 2017-ci ilin yanvar ayında imzalanmış qrant sazişi əsasında İslam İnkişaf Bankı Azərbaycanda bu mexanizmin tətbiqi məqsədilə 200 min ABŞ dolları məbləğində texniki yardım ayırdı. Ölkədə İslam bankçılığının hüquqi əsaslarını hazırlamağa texniki dəstək layihəsinin həyata keçirilməsində məsul qurum olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təyin edildi və bu sistemin tətbiqi ilə bağlı təkliflər hazırlamaq üçün "Ekvita Consulting" konsorsiumu seçildi.

"Ekvita Consulting" MMC-nin rəhbəri İlqar Mehdi “Report”a açıqlamasında Azərbaycanda islam bankçılığının tətbiqi məqsədilə hökumətə verdikləri təkliflərdən danışıb:

“Bizim layihənin məqsədi qanunvericilik sisteminin və qanunvericilik çərçivələrinin qorunması idi. İslam bankçılığının ölkədə inkişafına təkan verə biləcək bir sistem olmalıdır. Bizdə hazırkı qanunvericilik bazası sırf ənənəvi bankçılıq üzrə qurulub. İslam bankçılığında faizin alınması və verilməsi qadağandır. Ənənəvi bankçılıq isə faiz üzərində qurulub. İslam bankçılığında sahibkarın biznesində iştirak etməklə mənfəət əldə etmək mümkündür. Amma bu barədə bizdə qanunvericlik bazası yoxdur. Bizdə bankın bir qayda olaraq qeyri-maliyyə sektorunda fəaliyyət göstərməsi qadağandır. Ona görə də qanunvericilik bazasını biz elə tərzdə yazmalı idik ki, bu qadağa aradan qaldırılsın. Burda söhbət islam prinsipləri əsasında fəaliyyət göstərən banklara hər hansı bir imtiyazların verilməsindən getmir. Söhbət hər növ bankçılığa eyni şəraitin yaradılmasından gedir".

Onun sözlərinə görə, hal-hazırda ölkədə islam prinsipləri ilə fəaliyyət göstərən banklar işləyə bilmirlər: "Elə bir şərait yaradılmalıdır ki, hər iki prinsip üzərində fəaliyyət göstərən bankların hüquqi baxımdan eyni rəqabət imkanları olsun. Layihəmiz bunun işlənib hazırlanmasına yönəlmişdi. Biz təkliflərimizi hazırlayıb ötən il KOBİA-ya təqdim etdik".

İ.Mehdi qeyd edib ki, Azərbaycanda vergi qanunvericiliyinə görə, hər hansı aktivi alıb-satanda Əlavə Dəyər Vergisi (ƏDV) ödənilməlidir: "Təkliflərimizdən biri elə məhz vergi məsələri ilə bağlı idi. İslam bankçılığına görə bank bir aktivi alır, maliyyələşdirir, sonra onu sahibkara verir. Belə olduqda iki dəfə alqı-satqı baş verir və hər iki əməliyyatda ƏDV tətbiq olunur. Təkliflərdən bir odur ki, ikili ƏDV-nin tətbiqi aradan qaldırılsın".

"Ekvita Consulting"in rəhbəri digər təkliflərin prudensial qaydaların işlənib hazırlanmasından ibarət olduğunu bildirib:

“İslam bankçılığın idarəetmə mexanizmi elədir ki, bankın fəaliyyəti bir dini şura tərəfindən təsdiqlənməlidir. Bu dini şuranın üzvləri maliyyə sektoru üzrə mütəxəssislər və eyni zamanda islam bankçılığını dərindən bilən şəxslər olur. Qeyd edim ki, islam bankçılığı üzrə məşhur mütəxəssislərin müsəlman olması şərt deyil. Məsələn, London bazarında islam bançkllığı üzrə ixtisaslaşan ən məşhur hüquqşunas yəhudidir. Bankların məhsullarının islam bankçılığı qaydasına uyğun olub-olmadığını yoxlayan və təsdiqləyən belə bir şura olmalıdır. Banka müraciət edən dindar vətəndaş üçün bu çox önəmli olur. Həmin vətəndaş banka gəlib hansısa məhsulu alırsa, onda əminlik olmalıdır ki, bu dini şura tərəfindən təsdiqlənib. Bizdə belə bir sistemin qurulmasında çətinlik yaranır. Burda fərqli məzhəblər məsələsi də ortaya gəlir. Dini şuranın üzvləri maliyyə sektoru üzrə mütəxəssislər olmalıdır. Bir var dini sahəni bilən amma maliyyə sektorunu bilməyən şəxs, bir də var maliyyə sahəsini bilib din sahəsini bilməyən. Bizə bu iki kateqoriyanın ortasında qərar tutan şəxslər lazımdır. Belə mütəxəssislərimiz isə azdır”.

Azərbaycanın bank sistemində kredit faizləri hələ də yüksəkdir. Bu bir neçə səbəblə - əməliyyat xərclərinin yüksək olması, bank sektorunda risklərin mövcudluğu, rəqabət mühitinin zəif olması və s. ilə bağlıdır. Hesab edilir ki, əgər ölkəyə islam bankçılığı kimi alternativ maliyyə xidmətləri, ucuz maliyyə gəlsə, bu imkan yaradacaq ki, kredit faizləri aşağı düşsün.

Son xəbərlər

Bütün Xəbər Lenti