Azərbaycanda icbari sığorta bazarı 38 %-dən çox böyüyüb
- 25 noyabr, 2023
- 06:49
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 270 milyon 854 min manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,4 % çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 90 milyon 472 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 13 % çoxdur.
Beləliklə, 10 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 33,4 manatı qədər ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 40,9 manat olub.
Xatırladaq ki, yanvar-oktyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 19,745 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 27,8 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 455,012 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 26,6 % çoxdur.
10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 45 manat olub.