Azərbaycanda həyat sığortası bazarı 28 %-dən çox böyüyüb

Maliyyə
  • 25 noyabr, 2023
  • 07:31
Azərbaycanda həyat sığortası bazarı 28 %-dən çox böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 525 milyon 588 min manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 28,3 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 25,8 % artaraq 254 milyon 748 min manata çatıb.

Beləliklə, həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 48,5 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2022-ci ilin 10 ayında 49,4 manat olub.

Xatırladaq ki, yanvar-oktyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 19,745 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 27,8 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 455,012 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 26,6 % çoxdur.

10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 45 manat olub.