Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 3 dəfəyə yaxın artıb
- 01 yanvar, 2024
- 10:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda əmlak sığortası üzrə 191 milyon 158 min manat məbləğində sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,1 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 52 milyon 571 min manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,8 dəfə çoxdur.
Əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 27,5 manatı ödəniş edilib. Bu rəqəm 2022-ci ilin eyni dövründə 12 manat olub.
Xatırladaq ki, yanvar-noyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 108,234 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilin eyni dövrünə nisbətən 26,6 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 497,466 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 24,1 % çoxdur.
11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44,9 manatı ödəniş edilib. 2022-ci ilin eyni dövründə bu göstərici 45,8 manat olub.
Qeyd edək ki, ötən il Azərbaycanda sığorta şirkətlərinin sayı 3 illik fasilədən sonra azaldı. AMB “Günay Sığorta” və “Naxçıvan Sığorta” ASC-lərin lisenziyalarını ləğv edib. Onlar bazarı könüllü – özlərinin müraciəti əsasında tərk edib. Bununla da, ölkədə sığorta şirkətlərinin sayı 20-dən 18-ə düşüb.