Azərbaycan şirkəti istiqrazlarını tədavüldən çıxarır
- 08 oktyabr, 2021
- 13:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın aparıcı faktorinq şirkəti “Ferrum Kapital” MMC-nin ötən il oktyabrın 9-da dövriyyəyə buraxdığı 2,5 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazların tədavül müddəti bu gün başa çatır.
"Report" xatırladır ki, hər birinin nominal dəyəri 1 000 manat ola 2 500 ədəd istiqraz "Bakı Fond Birjası" QSC-nin standart bazar seqmentində listinqə daxil edilib və rəqabətli hərrac üsulu ilə yerləşdirilib.
Qiymətli kağızlara 6 investor 6 sifariş təqdim edib. Onların illik gəlirliliyi 12,5% olub. Faizlər ayda bir dəfə ödənilib. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC olub.
Xatırladaq ki, “Ferrum Kapital” yerli və beynəlxalq faktorinq xidmətlərinin göstərilməsi məqsədi ilə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Şirkətin təsisçiləri “AQA Şirkətlər Qrupu” QSC (72,5%) və “Vesta Konsaltinq” MMC-dir (27,5%).
Yeri gəlmişkən, “Ferrum Kapital”ın istiqrazlarının zəmanətçisi qismində onun əsas səhmdarı çıxış edib. Əgər emitent öhdəliklərini yerinə yetirməsəydi, investorlara istiqrazların dəyərini və hesablanmış faizləri “AQA Şirkətlər Qrupu” ödəməli idi.