Azərbaycan və Qazaxıstan arasında pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsini müzakirə edilib.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"Qazaxıstanlı həmkarım Timur Süleymenovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə hər iki qurumun pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və rəqəmsal ödəniş ekosisteminin genişləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərlə bağlı fikir mübadiləsi apardıq. Maliyyə sektoru üçün aktual olan məsələlərin müzakirəsindən sonra qurumlar arasında mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi imkanlarını nəzərdən keçirdik", - deyə o qeyd edib.
AMB-nin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüş T.Süleymenovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutub. Görüş zamanı hər iki ölkənin mərkəzi bankları arasında mövcud əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilərək, son dövrlərdə müşahidə olunan davamlı inkişaf tempi yüksək qiymətləndirilib, mövcud makroiqtisadi vəziyyət, həyata keçirilən pul-kredit siyasəti, ödəniş sistemləri, müasir maliyyə texnologiyaları və digər sahələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ötən il Azərbaycan Mərkəzi Bankı ilə Qazaxıstan Milli Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində monetar siyasət, maliyyə sektoru, ödəniş sistemləri və maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə və məlumat mübadiləsinin aparılması, həmçinin ikitərəfli səfərlərin təşkili nəzərdə tutulub.