Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 22 %-dək artıb
- 10 dekabr, 2022
- 11:05
Bu il noyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 20 milyard 015,3 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,6 %, yanvarın 1-nə nisbətən 16,9 %, ötən ilin noyabın 1-i ilə müqayisədə 21,9 % çoxdur.
Kredit qoyuluşunun 15 milyard 608,3 milyon manatı və yaxud 78 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 21,5 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 3 milyard 862,5 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 22,6 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 19,2 %-dən 19,3 %-ə qalxıb.
Bu il oktyabr ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 544,5 milyon manat olub. Bu isə illik müqayisədə 30,1 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,5 %-dən 2,7 %-ə çatıb.
Azərbaycanda 25 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir.