Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-mart aylarını 7,2 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,4 dəfə çoxdur.
Ötən rüb BOKT-ların əməliyyat gəlirləri 25,6 milyon manat (illik müqayisədə 42,2 % çox), əməliyyat xərcləri 16,9 milyon manat (24,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,3 milyon manat (31,6 % çox), gözlənilməz gəlirləri 0,3 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 0,5 milyon manat (25% çox) təşkil edib.
Bu il aprelin 1-nə BOKT-ların aktivləri 415,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 28,8 % çoxdur. Bunun 308,2 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 34,2 % böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 31,8 % artaraq 236,3 milyon manata, balans kapitalı isə 25% artaraq 179,2 milyon manata, o cümlədən nizamnamə kapitalı isə 23,9% artaraq 154,1 milyon manata çatıb.