Bakı. 25 oktyabr. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) cəmi aktivləri bu il oktyabrın 1-nə 7 106,53 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 41,9% azdır.
“Report” bu barədə bankın rüblük maliyyə hesabatna istinadən xəbər verir.
Hesabat əsasən, aktivlərin 1 604,712 mln. manatını likvid aktivlər, 3 050,949 mln. manatını digər banklardakı depozitlər, 268,43 mln. manatını qiymətli kağızlar, 2 217,421 mln. manatını isə müştərilərə verilmiş kreditlər təşkil edib. İlin əvvəli ilə müqayisədə ABB-nin kredit portfeli 56% azalıb.
Doqquz ay ərzində bankın cəmi öhdəlikləri 47,8% azalaraq 6 739,125 mln. manat olub. Bunun 2 348,052 mln. manatını bankların və digər maliyyə institutlarının vəsaitləri, 437,408 mln. manatını fiziki şəxslərin tələbli depozitləri, 2 375,421 mln. manatını hüquqi şəxslərin tələbli depozitləri, 1 004,817 mln. manatını fiziki və hüquqi şəxslərin müddətli depozitləri təşkil edib.
Oktyabrın 1-nə ABB-nin xüsusi kapitalı 319,421 mln. manat, cəmi kapitalı isə 367,405 mln. manat təşkil edib.
Bank bu ilin yanvar-sentyabr aylarını 469,893 mln. manat mənfəətlə başa vurub. Doqquz ay ərzində maliyyə qurumunun faiz gəlirləri 404,988 mln. manat, faiz xərcləri 273,565 mln. manat, qeyri-faiz gəlirləri 464,541 mln. manat, qeyri-faiz xərcləri 120,254 mln. manat təşkil edib. Son nəticədə ABB-nin xalis əməliyyat mənfəəti 475,711 mln. manat təşkil edib ki, bundan da 5,818 mln. manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 mln. manatdır. Bankın səhmlərinin 76,73%-u Maliyyə Nazirliyinə, 14,56%-i problemli aktivlərin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,76%-i Əmlak Məsələləri Dövlət Komitəsinə, 04%-i 13 qeyri-dövlət müəssisəsinə, 4,55%-i isə 1 759 fiziki şəxsə məxsusdur.